Sənədsiz evlərin sənədləşdirilməsi niyə gecikdirilir?

Əmlak eksperti: “Tədbirlər Planı bu məsələlər ətrafında bütün suallara aydınlıq gətirdi və prosesin necə aparılacağı, idarə olunacağı, yekunlaşacağı ilə bağlı müddəalar orada öz əksini tapır. Burada ən əsas məqam texniki məsələlərdir, inventarlaşdırılmasıdır. Onun gecikməsinin səbəbləri mənə aydın deyil”

Azərbaycanda artıq illərdir ki, evlərin sənədləşdirilməməsi problemi qalmaqdadır.

Bəzi ekspertlərin hesablamalarına görə, ölkədə sənədsiz evlərinin sayı 600 min təşkil edir.

Hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara xüsusi tapşırıq verib.

“Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək,” prezident qeyd edib.

2019-cu ilin mayında Bakı Şəhər İcra Hakimiyyətinin yrni təyin edilən başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyev onu şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb.

“10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq.”

Lakin məsələ hələ də öz həllini tapmayıb. Evlərin sənədləşdirilməsi işi nə yerdədir? Bu problem illərlə niyə öz həllini tapa bilmir?

Nazirlər Kabinetindən Turana bildirilib ki, ölkə ərazisində müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib.

“Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.”

Qurumdan qeyd olunub ki, hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir.

“Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.”

Nazirlər Kabinetindən vurğulanıb ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.

İqtisadiyyat Nazirliyindən Turana bildirilib ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb.

“Bu il isə inventarlaşdırma davam edir. İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacağı və qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. Sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına (Xəzər dənizinin mühafizə zolaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi torpaqlar, neft-qaz boru kəmərlərinin keçdiyi ərazilər və s.) düşməyən tikililərə aiddir.”

Qurumdan qeyd olunub ki, sənədləşdirmə işləri bu ildən davam etdiriləcək.

“2015-ci il yanvar ayından etibarən yüz mindən artıq ev sənədləşdirilib.”

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Turana bildirilib ki, inventarlaşdırma istisnasız olaraq bütün sənədsiz evləri əhatə edəcək.

“Bununla bağlı vətəndaşların harasa müraciət etməsinə gərək yoxdur. Komissiya üzvləri bütün evlərə özləri gedərək zəruri məlumatları toplayırlar. Sadəcə, 2020-ci ildə pandemiya səbəbindən proses bir qədər ləngidi. Çünki evlərə getmək mümkün olmadı. Bu ildən proses yenidən geniş miqyasda başladılıb.”

Qurumdan vurğulanıb ki, cari ilin yanvar-iyun ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 21 643-ü fərdi yaşayış və bağ evi, 44 576-sı mənzil, 71 904-ü torpaq sahəsi, 1 645-i qeyri-yaşayış binası, 4 411-i qeyri-yaşayış sahəsi, 363-ü əmlak kompleksi, 16-sı isə çoxmərtəbəli yaşayış binasıdır.

“2021-ci ilin ilk 6 ayı ərzində 7 533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,6 faiz artıb.”

Əmlak eksperti Ramil Osmanlı isə AzadlıqRadiosuna bildirib ki, evlərin sənədləşdirilməməsi ilə bağlı Tədbirlər Planı artıq iki ildir qəbul olunub.

“İkin olaraq işlər başlanıldı və inventarlaşdırma işləri görüldü. 2019-cu ilin oktyabr ayına qədər Bakı və Abşeronda təqribən 165 min fərdi yaşayış evi, respublika regionlarında isə 70 mindən artıq ev inventarlaşdırıldı. Bundan sonrakı period üzrə rəqəmlər açıqlanmır. Amma bu mövcud rəqəmlərin heç yarısı deyil.”

Mütəxəssis deyir ki, Tədbirlər Planı qəbul olunandan sonra evlərin sənədləşdirilməməsi ilə bağlı prosesin getməməsi üçün heç bir səbəb yoxdur.

“Çünki Tədbirlər Planı bu məsələlər ətrafında bütün suallara aydınlıq gətirdi və prosesin necə aparılacağı, idarə olunacağı, yekunlaşacağı ilə bağlı müddəalar orada öz əksini tapır. Burada ən əsas məqam texniki məsələlərdir, inventarlaşdırılmasıdır. Onun gecikməsinin səbəbləri mənə aydın deyil.”

Onun fikrincə, nəzərə almaq lazımdır ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin strukturu dəyişdi, İqtisadiyyat Nazirliyinə birləşdirildi və buna görə Tədbirlər Planı ilə bağlı işlər ləngidi.

“Ola bilsin ki, burada pandemiyanın da öz rolu oldu. Amma son 6 ay müddətində düşünmürəm ki, pandemiya ilə bağlı ünvanlara gedib araşdırma aparılması üçün hər hansı problem var.”

Osmanlı sözügedən evlərin sənədləşdirilmə prosesindən sonra onların qiymətinin 20 faiz artacağını bildirib.

“Hazırda sənədli və sənədsiz torpaqların qiymətində 2-3 qat fərq var. Bir neçə sot torpaq sahəsi evin tikintisindən sonra kifayət qədər böyük qiymət fərqinə yol açır. Sənədləşmə prosesinin icrasından sonra bu evlərin ümumi dəyərində 20 faizə qədər qiymət fərqi yaranacaq. Yəni həmin evlər bu gün 50 min manata satılırsa, sənədləşmədən sonra bazara onlar 60-65 min manata daxil olacaq.”

Ekspert vurğulayıb ki, prosesin ən vacib tərəfi isə odur ki, sənədləşmədən sonra bu evlərdən dövlət büdcəsinə daxilolmalar artacaq.

“Hesablamalara görə, il ərzində Azərbaycan sənədsiz evlərə görə 50 milyon manatdan artıq vəsait itirir,” o qeyd edib.

Əvvəlki məqalə“Media haqqında” qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq
Növbəti məqalə“Mall” və restoranlara bir doza peyvənd olunanlar buraxılacaq?