Avropa Məhkəməsi təzyiqlərlə üzləşən QHT ilə bağlı qərar verdi

Vəkil, QHT rəhbəri
Əsabəli Mustafayev

Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı 24 900 avro məbləğində cərimələyib. Bu qərar Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Əsabəli Mustafayev Azərbaycana qarşı işi ilə bağlıdır. Bu barədə Turan-a hüquqşünas Xalid Ağalıyev məlumat verib.

Onun sözlərinə görə, bu işdə birinci ərizəçi Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, digəri isə təşkilatın rəhbəri Əsabəli Mustafayev idi. İş 2014-cü ildə maliyyə pozuntuları əsası ilə qeyri-hökumət təşkilatlarına açılan cinayət işinin araşdırması çərçivəsində ərizəçilərlə bağlı məhkəmə qərarlarından verilmiş şikayətlərlə bağlı idi. Hər iki ərizəçi bank hesablarının dondurulması kontekstində mülkiyyət və səmərəli müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilədən şikayət etmişdi. Ölkədən çıxışı yasaqlanan Mustafayev isə həm də hərəkət azadlığı hüququna müdaxilədən şikayətçi olmuşdu.

O qeyd edib ki, ərizəçilər yekunda iddia edirdilər ki, onların haqlarına tətbiq edilən məhdudiyyətlə siyasi məzmunludur. Onlar hesab edirdilər ki, məhdudiyyətlər Azərbaycandakı insan hüquqları müdafiəçilərinə və qeyri-hökumət təşkilatları fəallarına qarşı rəsmi kampaniyanın tərkib hissəsi idi və onların fəaliyyətini iflic etməyə hesablanmışdı.

Hüquqşünasın sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, ərizəçilərə münasibətdə mülkiyyət, səmərəli müdafiə vasitələrinə malik olmaq, hərəkət azadlığı hüquqları pozulub. Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin qərar verib ki, hərəkət azadlığı və mülkiyyət hüququ ilə birgə götürülməklə, ərizəçilərin Konvensiyanın 18-ci maddəsi (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə təminat altına alınan hüquqları da pozulub.

Qərara görə, hökumət qərar qəti olduqdan sonra mənəvi zərərə görə birinci ərizəçiyə 8 min, ikinci ərizəçiyə 15 min avro təzminat ödəməlidir. Xərc və məsrəflərə görə 1900 avro təzminat ödənilməlidir.

İşlə bağlı daha ətraflı məlumatla burdan tanış ola bilərsiniz.

Əvvəlki məqaləBaş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı
Növbəti məqaləYeni peşə təhsili ixtisasları yaradıldı