Konstitusiya Məhkəməsi bu məcəllə ilə bağlı qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

“Report” Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri – Sumqayıt Şəhər Məhkəməsinin hakimi F.Əliyevin və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini E.Əsgərovun mülahizələrini, mütəxəssislər – Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ş.Yusifovun, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin baş məsləhətçisi Ü.Yusiflinin mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin mənasına görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir.

Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Əvvəlki məqaləBaş nazir ezamiyyə xərcləri ilə bağlı qərar imzaladı
Növbəti məqaləSəhiyyə Nazirliyindən vətəndaşlara xəbərdarlıq