Şəhid ailələrinə edilən güzəştlər artırılır

Sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük veriləcək.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” na dəyişiklik edilib.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, qərar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 30 sentyabr tarixli 381-VIQD nömrəli Qanununa uyğunlaşdırmanı təmin etmək məqsədilə hazırlanıb.

Həmin Qanunla edilmiş dəyişikliyə əsasən şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.

Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsinə zərurət yaranıb.