Dövlət Xidmətindən unun və çörəyin qiyməti ilə bağlı açıqlama

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Bildirilib ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal edilən ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb: “Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib”.

Dövlət Xidmətindən qeyd olunub ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür: “Monitorinq zamanı qanunvericiliyinin pozulması halları aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək”.