Yenidən sərt karantin rejimi tətbiq edilə bilər? – AÇIQLAMA

Deputat
Vüqar Bayramov

Son günlər ölkə üzrə COVID-19-a yoluxanların sayında artım müşahidə olunur. Paralel olaraq yenidən sərt karantin rejiminə keçid məsələsi müzakirə olunmağa başlayıb.

Sərt karantin rejiminə keçid ilkin olaraq biznes subyektlərinə təsir göstərdiyindən bu ümumi ölkə iqtisadiyyatında da geriləmələrə səbəb olur. Necə ki, 2020-ci ildə uzun müddət tətbiq edilən sərt karantin rejimi yekunda neqativ iqtisadi göstəricilərlə nəticələnmişdi. İndiki halda isə Operativ Qərargahın karantin rejimi ilə bağlı hansı qərarı verəcəyi və bundan ilk növbədə hansı sektorların təsirlənə biləcəyi sual altındadır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, ümumilikdə regionda yoluxma sayının artdığı müşahidə olunur, lakin buna baxmayaraq sərt karantin tədbirləri iqtisadi baxımdan arzuolunan deyil.

Millət vəkili əlavə edib ki, bu, real sektorun yenidən qapanmasına və iqtisadi baxımdan xüsusilə də sahibkarlıq subyektlərinin fəaliyyətlərinin məhdudlaşmasına gətirib çıxarır:

“Biz yenidən sərt karantin tədbirlərinin tətbiq olunmasının tərəfdarı deyilik. Sözsüz ki, Operativ Qərargah epidemioloji vəziyyətə uyğun olaraq qərar qəbul edəcək. Ümumi yoluxma, o cümlədən xəstəxanalardakı aktiv COVID-19 xəstələrinin sayı qərar verilən zaman əsas göstəricilər hesab olunacaq. Daha məqsədəuyğun olardı ki, sərt karantin tədbirləri tətbiq olunmadan indiki halda COVID-19 və onun yeni ştammlarına qarşı mübarizə davam etdirilsin”.

Bütün hallarda sərt karantin tədbirləri iqtisadi baxımdan arzuolunan deyil”.

Vüqar Bayramov vurğulayıb ki, 2020-ci ildə, o cümlədən 2021-ci ilin yanvar ayında tətbiq edilən sərt karantin bütün ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadi baxımdan real sektora təsir etdi:

“İndiki halda biz vətəndaşların epidemioloji qaydaları gözlənilməsi vacibdir. Daha uyğun yol sərt karantin tədbirlərinə getmədən öncə COVID-19-a qarşı mübarizənin davam etdirilməsi və yoluxma sayının azalmasına nail olmaqdır”.

2020-ci ildə pandemiya və sərt karantin rejiminin ölkə iqtisadiyyatına təsirləri

Baxmayaraq ki, Azərbaycan pandemiyanın ilk dövrlərini digər ölkələrə nisbətən daha yüngül keçirtdi, lakin pandemiya yekun olaraq iqtisadiyyata mənfi təsirini göstərdi. 2020-ci ildə ölkə iqtisadiyyatı 72,4 milyard manatlıq ÜDM ilə 4,3 faiz kiçildi. Müvafiq ildə 37,1 milyard manatlıq və ya 2019-cu illə müqayisədə 5 faiz az sənaye məhsulu istehsal edildi.

Əsas kapitala yönəlmiş vəsaitlərin həcmində 8,3 faiz azalma müşahidə olundu. Bu isə sahibkarların iqtisadiyyata investisiyaların yönəlməsində marağının azaldığını göstərirdi.

Koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, Azərbaycan Respublikasına və bəzi rayon, şəhərlərin ərazisinə giriş-çıxışın, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması yük və sərnişin daşımalarının azalmasına gətirib çıxardı. Yük daşımaları 19,8 faiz, sərnişin daşımaları 42,7 faiz azaldı.

Pandemiya ilə bağlı tətbiq olunan sərt karantin rejimi əhalinin gəlirlərinə də təsir etdi. 2019-cu illə müqayisədə 2020-ci ildə əhalinin gəlirləri nominal ifadədə 1,8 faiz azalaraq 55,7 milyard manat təşkil etdi.

2020-ci il dövlət büdcəsinin icrasında 1 milyard 744 milyon manatlıq kəsirlə yadda qaldı. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da sərt karantin rejiminin tətbiqi 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə 21,9 faiz, idxalın 36 faiz, ixracın isə 12 faiz azalmasına səbəb oldu.

Oxu.Az

 

Əvvəlki məqaləDYP sürücü və sərnişinlərə xəbərdarlıq etdi
Növbəti məqaləAzərbaycanda avtomobili kreditə almaq asanlaşa bilər?