Ekspertlər: Hakimlərin maaşlarının artırılması korrupsiya problemini həll etməyəcək

Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşları artırılır. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanuna dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat maaş verilməsi təklif edilir. O cümlədən qüvvədə olan qanuna görə, yenə Ali Məhkəmənin sədrinə biraylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Yəni, Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş veriləcək.

Hakimlərə isə aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara biraylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

– Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

– Ağır Cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Hərbi məhkəmələrin, İnzibati məhkəmələrin və Kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

– digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

bütün məhkəmələrin sədr müavinlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

– Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

– bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Beləliklə, digər məhkəmə sədrlərinin və hakimlərin maaşı Ali Məhkəmə sədrinin maaşı ilə tənzimləndiyi üçün həmin məhkəmə sədrləri və hakimlərin də maaşı müvafiq faizlər nisbətində artacaq.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

Ekspertlər hakimlərin və məhkəmə sədrlərinin əmək haqlarının artırılmasının bu sistemdə korrupsiya hallarının və sifarişli hökmlərin aradan qaldırılmasına kömək etməyəcəyini düşünürlər.

Vəkil Fuad Ağayev hesab edir ki, Azərbaycanda hakimlərin maaşları mütəmadi olaraq artırılır. Lakin bu, ədalət mühakiməsi sistemində korrupsiyanın azalmasına təsir etmir.

Hüquq sahəsində ekspert İntiqam Əliyev də hesab edir ki, korrupsiya problemi aradan qalxmayacaq. Hakimlərin maaşının artırılması korrupsiyanı aradan qaldırmayacaq, çünki bu, sistemli problemdir. Bu da ondan ibarətdir ki, məhkəmə sistemi və hakimlərin özləri icra hakimiyyətindən asılıdır. Ona görə də institusional islahatlar lazımdır.

Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün azad parlament, güclü media və effektiv ictimai nəzarət olmalıdır, İntiqam Əliyev bildirib.

Turan İnformasiya Agentliyi