Ad, ata adı və soyad necə dəyişdirilir?

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olarsa və atalığın qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmadığı hallarda uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə verilə bilər.

Adın, ata adının və soyadın dəyişdirilməsi prosedurunu hansı orqan həyata keçirir?

Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.

Ərizə özündə hansı məlumatları əks etdirməlidir?

Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

  • ərizə verən şəxsin soyadı, adı, atasının adı;
  • adını, ata adını və ya soyadını dəyişdirmək istəyi;
  • daşımaq istədiyi ad, ata adı və soyad;
  • doğulduğu tarix və yer;
  • milliyyəti və vətəndaşlığı;
  • yaşayış və iş yeri, vəzifəsi;
  • hərbi qeydiyyat yeri;
  • əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada;
  • ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada);
  • övladları(soyadı, adı, atasının adı, doğulduğu tarix və yer);
  • xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt;
  • şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).

Ərizəyə hansı sənədlər əlavə edilməlidir?

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

  • ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  • ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  • ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  • ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  • şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  • ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  • ərizə verən şəxsin 3×4 sm ölçüdə 2 ədəd fotoşəkli;
  • “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair sənəd.

Soyadın, adın və ata adının dəyişdirilməsi üçün dövlət rüsumu 15 manat təşkil edir.

Qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduqdan sonra neçə gün müddətində müvafiq orqanlara sorğu verməlidir? Rəy neçə günə tərtib olunmalıdır?

Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verir. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir.

Qeydiyyat şöbəsi və ya konsulluq adın, ata adının, soyadın dəyişdirilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların adının, ata adının, soyadının dəyişdirilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin adının, ata adının və soyadının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verir.

Ad, ata adı, soyad dəyişdirildiyi halda yeni şəhadətnamə neçə günə verilir?

Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.

Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

Adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılır.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 2894