Bu qayda pozuntusu edən şagirdə hansı cəzanın verilə biləcəyi açıqlandı

Çox ağır qayda pozuntularına və ya 1-ci, 2-ci, 3-cü və 4-cü səviyyə qayda pozuntularının təkrarına yol verən şagirdlərin hansı formada cəzalandırılacağı müəyyənləşdirilib.

APA xəbər verir ki, bu barədə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” layihəsində qeyd edilib.

Bildirilib ki, bu hallarda şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırılacaq və məktəb idarəetmə heyətinin üzvü şagirdə davranışının niyə qəbuledilməz olduğunu izah edəcək.

Şagird səhvini anladıqda dərsə qayıda bilər. Əks təqdirdə, dərsin qalan hissəsini məsul şəxsin nəzarəti altında təyin olunmuş xüsusi otaqda keçirəcək və ya valideyn/qanuni nümayəndə məktəbə çağrılaraq, şagird evə göndəriləcək. Şagird dəstək üçün psixoloqa yönləndirilir (NİŞ-in və ya direktorun qərarı ilə); Bir neçə dəfə dərsdən sonra “Məktəbdə saxlanılır”; Qırmızı Xəbərdarlıq məktubu (şagirdin şəxsi işində saxlanılır və UTİS-də qeyd olunur); Müəllim, valideyn/qanuni nümayəndə, idarəetmə heyəti üzvü və direktorla görüş; Məktəb daxilində dərsdən uzaqlaşdırılma.

5-ci səviyyə üçün müəyyən olunmuş yekun intizam tədbirləri isə bunlardır:

– Sinifdə qalmaq (davamiyyət və/və ya akademik göstəriciləri çox aşağı olduqda)

– Məktəbin dəyişdirilməsi

– Məktəbdən xaric etmə

– Şagird haqqında YYÇİ (Yetkinlik Yaşına Çatmayanlarla İş ) və hüquq müdafiəsi üzrə komissiyaya (və ya yerli Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili şöbəsinin inspektorlarına) üzrə məlumat verilməsi.