Mənzil bazarında “novostroyka”lara maraq niyə azalıb? (VİDEO)

Son günlər mediada Yasamalda köhnə tikililərin sökülməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb. Qeyd edilir ki, köhnə tikililər istismar müddətini başa vurması ilə əlaqədər sökülməsi planlaşdırılır. “Xuruşovka” kimi tanınan binalarla yanaşı bəzi darısqal və standartlardan kənar həyət evlərin də sökülməsi gündəmdədir. Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri artıq bununla bağlı müəyyən işlərin görüldüyü, tikinti şirkətləri ilə danışıqlarn aparıldığını bildirilib.

Qeyd edib ki, “İnşaatçılar” metrosu ətrafındakı köhnə binalar və həyət evlərinin sökülməsi artıq başlayıb.

Bu xəbər mənzil bazarında ajiotaja səbəb olub. Belə ki, sökülən binalarda sakinlərə artıq kvadratın və müxtəlif kompensasiyaların verilməsi ilə əlaqədar bazarda köhnə tikililərə maraq artıb.

Daşınmaz əmlak üzrə ekspertlərin bildiridiyinə görə xeyli alıcılar müraciət edərək köhnə binalardan ev almaq istəklərini bildiriblər. Onların dediyinə görə, yeni binalara isə maraq azalıb: “Yeni tikililərdə 5-6 aydır ki, satışa çıxarılan mənzillərin satışında durğunluq var. Alqı-satqı saytlarına da baxdıqda görürük ki, aylardır eyni evlər satışda qalır. Yeni tikililərdə yalnız 150000 manat civarındakı evlər alqı-satqı edilir. Ancaq köhnə tikililərdən, həyət evlərindən ayda bir neçə ev satılır. Bu işdə ev biznesi ilə məşğul olanlar daha fəaldır. Əvvəllər yeni tikililərdə bir neçə ev alıb saxlayırdılarsa, hazırda biznesi köhnə tikililərə yönəldiblər. Çünki burda daha yaxşı qazanc olacaq. Həm də pulları yeni tikililərdə saxlayıb infilyasiyaya uğratmaqdansa, gələcəkdə daha çox dəyər qazanacaq köhnə tikililərə yönləndirirlər. Son günlər ev biznesi ilə məşğul olanlar bizə bir neçə evlərini satışa çıxarmağı təklif ediblər. Səbəb də hamıda eynidir. Əvəzində köhnə evlər alacaqlar. Bu səbəbdən də yeni tikililərdə ev alanlarlar demək olar ki, yoxdur. Hətta bəzi fərdi şəxslər yeni tikililərdə evlərini satıb pullarını köhnə tikililərə yatırırlar. Nəzərə alsaq ki, tezliklə “novostroyka”ların sayı çoxalacaq, bu da həmin binalarda qiymətlərin enməsinə səbəb olacaq. Yəni təklif çoxaldıqca, qiymət enəcək. Digər tərəfdən  tezliklə insanların Qarabağa köçürülməsi də Bakıda ev bazarına təsirsiz ötüşməyəcək. Gələcəkdə iş adamları turizmin daha çox olduğu Qarabağa üz tutacaqlar’’.

Ekspert onu da əlavə etdi ki, Rusiya-Ukrayna müharibəsi başlayanda ev biznesi elə məşğul olanlar elə fikirləşdi ki,  Bakıya axın olacaq və evlərin qiymətində artım olacaq. Ona görə də bəzi iş adamları mənzillərin satışını saxladı ki, qiymətlər qalxsın: “Ancaq belə olmadı. Nəinki qiymət qalxmadı, əksinə satış dayandı. Çünki, satılan evlərin bir hissəini həmin ölkələrdə pul qazanan həmyerlilərimiz alırdı. Nəzərə alsaq ki, müharibə artıq zəifləyib. Bir müddət sonra insanlar yenidən işlədikləri Ukraynaya, Rusiya üz tutacaq. Orda həyat yenidən canlanacaq”.