Vəsiyyətnamənin notarial qaydada təsdiqi, ləğvi və dəyişdirilməsi qaydaları

Hansı şəxslər vəsiyyət edə bilər?

Vəsiyyətnamənin tərtib edildiyi məqamda:

  • öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən;
  • öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs.

Notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.

Vəsiyyətnaməni birgə tərtib etmək mümkündürmü? Mümkündürsə hansı halda?

Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.

Vəsiyyətnamənin hazırlanması və imzalanması qaydaları:                                                       

  • Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir;
  • Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir;
  • Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Bu zaman o bu vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa verməli, həmin şəxslərin zərfin üzərində notariat qaydasında təsdiq edilmiş imzaları olmalıdır. Bu növ vəsiyyətnamə notariusda rəsmən depozitə qoyulmalıdır;
  • Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun yazmasına o halda yol verilir ki, burada əlavə olaraq 2 şahid də iştirak etsin. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

Vəsiyyətin şahidləri hansı şəxslər ola bilməz?

Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan vəsiyyətin şahidləri ola bilməzlər.

Qapalı vəsiyyət nədir?

Vəsiyyət edənin arzusu ilə şahidlərin vəsiyyətnamənin məzmunu ilə tanış olmamaları halıdır. Bu zaman şahidlər vəsiyyətnamə tərtibi zamanı orda olmalı və onu təsdiqləyərkən vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.

Vəsiyyətnamənin tərtib edildiyi yer, vaxt və təsdiq olunduğu tarix, saat dəqiq göstərilməli, mətnində qeyd-şərtə və qaralamaya yol verilməməli, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır.

Vəsiyyətnaməni vəsiyyət edənin xahişi və iştirakı ilə digər şəxs o halda imzalaya bilər ki, o fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilməsin. Bu halda təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

Vəsiyyətnaməni hansı şəxslər vəsiyyət edənin əvəzinə imzalaya bilməz?

  • Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs (eyni zamanda vəsiyyətnamə təsdiq olunduğu zaman da iştirak edə bilməz)

Müəyyən hallar var ki, vəsiyyətnamənin tərtib edilməsi fərqlənir:

  • Vəsiyyət edən şəxs lal-kardırsa, yaxud lal-kar və savadsızdırsavəsiyyətnaməni o, notariusda, 2 şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğun olduğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
  • Vəsiyyət edən kor və ya savadsızdırsa bu zaman o, vəsiyyətnaməni notariusda 3 şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur.

Notarius lal, kar yaxud lal-kar-kor və savadsız şəxsin vəsiyyətnaməsini 4 şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğun olduğunu öz imzası ilə təsdiqləyən bir şəxsin yanında tərtib etməlidir. Bu zaman vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər. Qeyddə bu göstərilməlidir (vəsiyyətnamənin kim tərəfindən yazıldığı və oxunduğu). Lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. Daha sonra qeyd şahidlər tərəfindən imzalanır və notarius tərəfindən təsdiq edilir.

Notariusun vəsiyyətnamənin təsdiqi edilməsini xahiş edən şəxsə münasibətdə hansı vəzifələri var?

  • Qanun üzrə vərəsələrin müəyyən olunmuş dairəsi ilə tanış etmək;
  • vəsiyyət edənə onun aşağıdakı hüquqlarını izah etmək:
  • bütün əmlakını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan, həm də daxil olmayan bir və ya bir neçə şəxsə, dövlətə, ayrı-ayrı təşkilata vəsiyyət üzrə verə bilər. Vəsiyyətnamədə qanun üzrə vərəsələrin birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər;
  • vəsiyyət edən vəsiyyətnamədə təyin edilmiş vərəsələrin mirasdan paylarını müəyyənləşdirə bilər və ya hansı əmlakın verildiyini konkret göstərə bilər;
  • vəsiyyət bir neçə şəxsin xeyrinə edildikdə vəsiyyət edən vəsiyyətnamədə mirasdan onların hər birinə düşən payı göstərə bilər;
  • istənilən vaxt bu barədə ərizə verməklə və ya yeni vəsiyyətnamə tərtib etmək yolu ilə qoyulmuş vəsiyyətnaməni dəyişə və ya ləğv edə bilər. Vəsiyyət edən həmçinin vəsiyyətnamənin saxlanılmaq üçün göndərildiyi notariat ofisinə və ya dövlət notariat arxivinə ərizə vermək yolu ilə də vəsiyyətnaməni ləğv edə bilər və sair.

 Digər məsələlər:

  • Vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər.
  • Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında məlumatı müvafiq informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraqmənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir;
  • Vəsiyyət edən vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxt bu əmlak onun mülkiyyətində olsun.

Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 

  • əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
  • notariusa ərizə verməklə;
  • vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.

Qeyd: Sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. Vəsiyyətnamənin dəyişdirilməsi, ləğv və ya məhv edilməsi haqqında ərizədə olan imzanın həqiqiliyi mütləq notariat qaydasında təsdiq olunmalıdır.

Hazırladı: Aynur Məhərrəmli

Oxunub: 1858