Jurnalistlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

Azərbaycanda jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar isə 1500 manat cərimələnəcək.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media Haqqında” qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.