Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydası necədir?

Ölüm haqqında tibbi şəhadətnaməni hansı tibb müəssisələri verir?

Ölüm haqqında tibbi şəhadətnamə ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas sənədlərdən biri hesab olunur. Ölüm haqqında tibbi şəhadətnamə (ölüm haqqında həkim şəhadətnaməsi) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Ölüm hadisəsi kənd və qəsəbə istisna olmaqla, yaşayış yerində baş verdikdə tibbi şəhadətnamə necə verilir?

Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Xəbərdarlıq vərəqəsi ölümün təsdiq edilməsi üçün çağırılan həkim tərəfindən doldurulan sənəddir.

Ölüm hadisəsi kənd yerində baş veribsə, tibbi şəhadətnamə necə tərtib olunur?

Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə polisə və ya prokurora məlumat verir.

Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda tibbi şəhadətnamə necə verilir?

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” yaxud tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Hansı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir?

  • hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
  • infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
  • tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;
  • zorakı ölümə şübhə olduğu hallarda;
  • ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;
  • ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda.
  • Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş verdiyi halda şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.
  • Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur.

 Ölüm haqqında tibbi şəhadətnamə bunun üçün müraciət edən şəxsə necə verilir?

  • Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır.
  • Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.

Ölüm haqqında məlumat hansı qurumlara ötürülür?

Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.

Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə yenidən necə əldə olunur?

  • Şəhadətnamənin elektron qaydada əldə edilməsi halı istisna olmaqla, şəhadətnaməitirildikdə və ya yararsız hala düşdükdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin həmin ölüm faktının qeydiyyatdan keçməməsi barədə təsdiqedici sənədi və müraciət edən şəxsin ərizəsi əsasında şəhadətnamənin dublikatı verilir.
  • Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Belə ki, ölüm haqqında tibbi (həkim) şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 2722