Təhsil işçilərinin sertifikatlaşdırılması necə həyata keçirilir?

Dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən 5  ildə bir dəfə ödənişsiz sertifikatlaşdırma həyata keçirilir.

Təhsilverənlərə  (pedaqoji işçilərə) hansı şəxslər aid edilir?

  • müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər.

Sertifikatlaşdırma zamanı verilən suallar hansı məzmunda olur?

Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. Onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Sertifikatlaşdırma ilə bağlı məlumatları necə əldə etmək olar?

  • Şəxs qeydiyyatdan keçdikdən sonra altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir.
  • Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.
  • Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir.
  • Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir.
  • Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.
  • Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiştəhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur.
  • Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır.

Sertifikatlaşdırma neçə mərhələdən ibarətdir və necə həyata keçirilir?

  • Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarətdir və videoçəkiliş təmin edilməklə keçirilir.
  • Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri bu mərhələ başa çatdıqdan dərhal sonra təhsilverənə elan edilir. Bu mərhələdən azı 30 (otuz) bal toplamış şəxs müsahibə mərhələsinə buraxılır.
  • Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir. Müsahibə mərhələsində hər bir şəxsə 20 (iyirmi) dəqiqə vaxt ayrılır. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir. Bu mərhələdən azı 20 (iyirmi) bal toplamış şəxs həmin mərhələdən keçmiş hesab edilir.
  • Təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

Hansı şəxslər sertifikatlaşdırmadan keçmirlər?

1) hamilə qadınlar

2) uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

3) ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;

4) azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Sertifikatlaşdırmadan keçə bilməyən şəxslər işdən azad olunur?

  • Bu halda 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ nəzərdə tutulub. Lakin bu şəxslər təkrar sertifikatlaşdırmada iştirak etmədikləri zaman sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bu hal eyni zamanda üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən şəxslərədə aid edilir.
  • Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi halı) müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Sertifikatlaşdırmanın nəticələri hansı hallarda ləğv olunur?

  • Şəxs sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır.
  • Bu hal sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.

Şəxs sertifikatlaşdırmanın nəticəsindən razı qalmazsa, nə edə bilər?

  • Bu halda şəxs məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər.
  • Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.

Hazırladı: Aynur Məhərrəmli – hüquqçu

Oxunub: 2342