Köçkünlər: Çəkilən qaz xətləri görüntü və saxta hesabatlar üçündür

420 köçkün ailəsinin məskunlaşdığı qəsəbədə qaz problemi var

“May ayından qəsəbəmizdə maye qaz “yoxa çıxıb”. 420 ailə əziyyət çəkir. Yazmadığımız, müraciət etmədiyimiz qurum qalmayıb. Üzü qışa gedir, yenə odun ümidinə qalmışıq”.

Bunu Meydan TV-yə Biləsuvarda, qaçqınların məskunlaşdığı 6-cı qəsəbənin sakinləri deyir.

“Çaydan səhərəcən qaynamır”

Qəsəbədəki 129 saylı evdə yaşayan Cəbrayıl köçkünü Xanəli Məstəliyev deyir, bu ilin yanvarında qəsəbəyə qaz xətti çəkilib. İlk vaxtlar evlərə normal təzyiqlə qaz verilsə də, may ayından təzyiq azalıb. Getdikcə vəziyyət daha da pisləşib, indi gah aşağı təzyiqli qaz verilir, gah da ümumiyyətlə, verilmir:
“Çox aşağı təzyiqlə verilir, axşamdan çaydanı qoyuruq qazın üstünə, səhərəcən qaynamır. Ya az təzyiqlə verilir, ya da günlərlə yerli-dibli verilmir. Hərdən də aşağı təzyiqlə ona görə qaz verilir ki, ora-bura hesabat yazanda desinlər, qəsəbənin qazı var. Ancaq faktiki, yox kimi bir şeydir. Hamamı odunla qızdırırıq, yemək hazırlayanda, çay qaynadanda ocaq qalamalı oluruq”.

“Odun tədarükünə başlamışıq”

Köçkünlər deyir, ümumilikdə təqribən, 18 min köçkünün yaşadığı 11 qəsəbənin hamısında qaz problemi var. Bir neçə ay əvvəl digər qəsəbələrdən də Meydan TV-yə qaz problemi barədə danışmışdılar.
6-cı qəsəbədə yaşayan köçkünlərin sözlərinə görə, yayı birtəhər ötüşdürüblər, ancaq üzü soyuqlara durum çətinləşməyə başlayıb. Köçkün ailələri odun tədarükünə başlayıblar.
Cəbrayıl köçkünü Fatma Nəsirova:

“Odun dəllalları da bilir ki, qaz yoxdur, satdıqları qiymətə almağa məcburuq, ona görə qiyməti bir az da qaldırırlar. Almaq imkanımız yoxdur. 420 ailəni istiliklə sınağa çəkən məmurlar düşünməlidirlər ki, işsizlik problemi olan qəsəbədə əhali oduna pulu hardan tapsın?”

“Deyirlər, xətlər düz çəkilməyib”

Biəsuvarda cəbrayıllı məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin bir qismi 2003, digəri isə 2007-ci ildə salınıb. Məcburi köçkünlər qəsəbələrdə məskunlaşdıqları gündən kommunal xidmətlərdən içməli su və elektrik enerjisi ilə təmin olunsalar da, qəsəbələrdə mavi yanacaq olmayıb. Ötən ilin fevralından başlayaraq qəsəbələrdə qazlaşma və sayğaclaşma işləri aparılıb və təqribən 1 ay sonra mavi yanacağın verilməsini bildirən rəmzi məşəl yandırılıb. Buna baxmayaraq, qəsəbələrdə əvvəlki kimi mavi yanacaq qıtlığı davam edir. Qışqabağı qəsəbələrdəki köçkün evlərində yenə odun sobaları kara gəlib.