Vəkil keçmiş məmuru həbsdən buraxdırmaq adı ilə 150 min manat alıb

Təqsirləndirilən vəkil isə deyir ki, o, pulu müvəkkilini həbsdən buraxdırmaq üçün yox, biznes məqsədilə alıb

Ona 140 min bir, 10 min də bir, ümumilikdə 150 min manat pul vermişəm. Əvvəl dedi ki, Ali Məhkəmədə adam tapıb, onun vasitəsilə atamın işini həll edəcək. Sonradan dedi ki, tanışının vasitəsilə atamın adını əfv siyahısına saldıracaq. O tanışını da Prezident Aparatına girib-çıxanda görmüşdüm deyə, inanmışdım…”, – Rəşad Yusifov vəkil Məmmədvəli Cəfərov-a qarşı şikayətini məhkəmədə əsaslandırarkən deyib.

Vaxtilə Baş prokurorun müavini olmuş, hazırda isə 13 saylı vəkil bürosunda çalışan M.Cəfərov onun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub. O, həbsdə deyil, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə suçlanan vəkilin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Fevralın 1-də məhkəmədə prokuror ittiham aktını elan edərkən məlum olub ki, M.Cəfərov hüquqlarını müdafiə etdiyi Rəhman Yusifovu həbsdən azad etdirmək adıyla onun oğlundan 150 min manat pul alıb aldatmaqda təqsirləndirilir.

M.Cəfərov isə bu ittihamla razılaşmır və özünü təqsirli bilmir.

“ONDA ƏMİN OLDUM Kİ, MƏNİ ALDADIR” 

R.Yusifov 1997-ci ildən 2008-ci ilə qədər Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. 2008-2012-ci illərdə Qaradağ rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləyib. 2012-ci il avqustun 8-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun haqqında başlanmış cinayət işi ilə əlaqədar vəzifəsindən azad edilib. CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham olunan R.Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il azadlıqdan məhrum edilib. O, 23 noyabr 2016-cı ildə Nərimanov rayon məhkəməsinin qərarıyla azadlığa buraxılıb. Məhkəmə R.Yusifovun cəzasının üçdə ikisini çəkdiyini əsas götürərək, onun vaxtından əvvəl azadlığa çıxmasına qərar verib.

Onun oğlu Rəşad Yusifov fevralın 1-də məhkəmədə zərərçəkən qismində ifadə verərkən deyib ki, atası haqqında 5 illik həbs hökmünü apellyasiya məhkəməsi də qüvvədə saxlayandan sonra yeni vəkil tutmaq qərarına gəliblər. Vəkil M.Cəfərovla müqavilə bağladığını və ona xidmət haqqı olaraq, 2 min manat ödədiyini deyən R.Yusifovun sözlərinə görə, M.Cəfərov ona Ali Məhkəmədə atasının işini həll edəcəyinə söz verib:

“Dedi ki, adam tapmışam, ya cəzasının yarısı götürüləcək, ya da vaxtından əvvəl azadlığa buraxılacaq. Məhkəmə təyin olundu, həmin ərəfədə gəlib dedi ki, nəsə problem yaranıb, şikayəti geri götürək, vaxt qazanaq, sonra yenidən verərik. İki dəfə şikayət geri götürülüb, yenidən verildi. Dedim ki, həll olunmursa, pulum qaytarılsın. Elə oldu ki, Ali Məhkəmə də hökmü qüvvədə saxladı. Sonradan dedi ki, bir tanışı var, Möhübbət Əhmədov, qardaşı şəhid olub, atasının da Prezident Aparatıyla əlaqələri var. O, atamın adının əfv siyahısına salınmasına kömək edəcək”.

R.Yusifov deyir ki, əfv məsələsinə inanıb. Hətta cəzaçəkmə müəssisəsinə atasının yanına gedəndə ona sevincək şəkildə xəbər verib ki, yaxın vaxtlarda əfv sərəncamı imzalanacaq, sənin də adın olacaq. Atası isə həmin vaxt ona Əfv Komissiyasından aldığı cavab məktubunu çatdırıb. Orada yazılıb ki, hələ cəzasının yarısını çəkmədiyinə görə əfvlə bağlı müraciətinə müsbət cavab verilə bilməz:

“Onda tam əmin oldum ki, məni aldadır. Pulumu tələb etdim. Bir dəfə 10 min, sonra 300-500 manat olmaqla, hissə-hissə puldan qaytarmağa başladı. Elə olurdu, həftələrlə telefon zəngimə cavab vermirdi”. 

SİQARET BİZNESİ ADIYLA

Zərərçəkmiş bildirib ki, 150 mindən 61 min 500 manatı ona qaytarılıb.

Təqsirləndirilən vəkil isə deyir ki, o, pulu müvəkkilini həbsdən buraxdırmaq üçün yox, biznes məqsədilə alıb. M.Cəfərovun sözlərinə görə, R.Yusifovun vəkili olandan sonra günlərin birində oğlu Rəşad deyib ki, atası vəzifədə olarkən onun göndərdiyi pulla Moskvada tikinti biznesi qurmuşdu. Amma atasının həbsindən sonra əlindən çıxdı. İndi əlində olan 100 min pula Bakıda biznes qurmaq istəyir. M.Cəfərov bildirir ki, Dövlət Gömrük Komitəsinin zabiti olan tanışı Möhübbət Əhmədovla bu haqda söhbətləşəndə ona siqaret biznesini məsləhət görüb. Dediyinə görə, Möhübbətlə Rəşadı görüşdürüb, onlar öz aralarında razılaşıblar. R.Yusifov birgə biznes üçün M.Əhmədova 80 min manat pul verib. İş alınmayanda həmin 80 min hissə-hissə ona qaytarılıb.

Bu məsələ ilə əlaqədar M.Əhmədov da məsuliyyətə cəlb olunub. Onun haqqında cinayət işi ayrılıb. İstintaq belə nəticəyə gəlib ki, onlar R.Yusifovdan pulu birlikdə alıblar, amma biznes yox, atasını həbsdən buraxdırmaqdan ötrü…

Azadlıq Radiosu