Göyçay sakinləri: Sosial problemlər içində boğuluruq

Sakinlər kəndlərinə qaz xətti çəkildiyini, ancaq qazın verilmədiyini deyirlər

Göyçay rayonunun Çaxırlı kəndinin sakinlərinin şikayəti var. Onlar kəndlərinə 2 ildir qaz çəkildiyini, ancaq istifadəyə verilmədiyini söyləyirlər. Bundan əziyyət çəkən kənd sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Ancaq onların bu problemi həll edilməyib.

“Kəndə qaz xətti çəkilib. Qazın açılışı zamanı yandırıb televiziya çəklişi də ediblər. Ancaq sonra qaz verilməyib. Məsələnin üstündən 1 il yarım keçəndən sonra kənd camaatı yığışıb şikayət verdik. Çox yazdıq, məktub göndərdik. Nəhayət, bu qış qazı açdılar. O da çox zəif, yanından keçəndə sönürdü. Yenə yazdıq, şikayət etdik. Dedilər, fevralda gəlib həll edəcəklər. Fevralda gəlib yerli-dibli kəsib, getdilər. İndi yenə qalmışıq qazsız”.

Sakinlərdən Hafiz Çələbiyev belə deyir. Bildirir ki, dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinə ərizə ilə müraciət ediblər. Ancaq bir faydası olmayıb.

“Elə bilin ki, kəndin yuxarılarında yenə azca da olsa gəlir, babatdır. Aşağılarda, ümumiyyətlə, qaz yoxdur. Biz də Azərbaycan vətəndaşıyıq. Vaxtilə vətənə xidmət də etmişik. Hətta Qarabağ döyüşlərində kəndimiz 8 şəhid verib. Nəyə görə bu gün o oğulların kəndi bu vəziyyətdə olmalıdır? Biz də hamı kimi yaxşı yaşamaq istəyirik”, – 63 yaşlı kənd sakini Tofiq Qəniyev belə deyir.

T.Qəniyev kəndin tək probleminin qaz olmadığını söyləyir. Deyir, yollar da bərbaddır. Həmçinin şəhərə getmək üçün nəqliyyat vasitəsi problemləri də var:

“Kəndin avtobus dayanacağı sökülüb, dağılır, yollarımız bərbaddır. Bu boyda kənddir, biz şəhərə getmək istəyəndə qalırıq pis vəziyyətdə. Avtobus istədiyi vaxt gəlir, dəqiq vədəsi yoxdur. Getmək istəyən taksi tapmadısa, piyada getməlidir. Belə çıxır də. Normal yol, dayanacaq olsa, çox demirəm, bir dənə də normal avtobus ayrılsa, əla olar. Yoxsa əziyyət çəkirik”.

Şahin Rəhimov da kəndlərinin şəraitsizliyindən şikayətçidir. Deyir, kənd camaatı yığışıb cibinin pulu ilə 12 kilometr yol çəkiblər. Geriyə 2 kilometr bərbad yol qalıb. Ona pulları çatmayıb:

“Nolar, onu da dövlət etsin. Qaz gəlmir, yollar bərbad. Bəs biz kənddə necə yaşayaq? 3 dəfə Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Gəlib baxıblar da. Yenə də bir xeyri yoxdur. Söz vermişdilər ki, fevralda problem həll ediləcək. Əvvəl yenə bir balaca gəlirdi. Fevraldan sonra tamamilə kəsildi. Sosial problemlər içində boğuluruq. Harada görülüb ki, camaat pul yığıb yol tiksin, məktəb təmir etsin?”

Ş. Rəhimov deyir ki, bölgələrdə vəziyyət heç də yaxşı deyil. Camaat iş üçün Rusiyaya üz tutur. Onların kəndindən də Rusiyaya gedənlər çoxdur. Yoxsa dolanmağın mümkün olmadığını söyləyir:

“Qaldı, bir də yol çəkir, məktəb təmir etdiririk. İçdiyimiz su da təmiz deyil. Vallah, dərd bir-iki deyil. Hər şeyimiz problemdir. İçməli suyu da kəndin yuxarısına verirlər, aşağısına yox”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə həmin kəndə qaz verildiyini, bu baxımdan heç bir problemin olmadığını söyləyiblər:

“Ola bilsin bir az zəifdir, təzyiq aşağıdır. O da qış ayları ilə bağlıdır ki, hamı çox istifadə edir. Tezliklə bu problem də aradan qalxacaq. Yollara gəlincə, həmin kəndin yolları normaldır. Hətta kənd üçün çox yaxşı vəziyyətdədir”.

2018-ci il yanvarın 27-də “Azəriqaz” İstehsalat Birliyi məlumat (http://azeriqaz104.az/az/news/325) yayaraq bildirib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Göyçayın Çaxırlı kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub:

“Ümumilikdə 660 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 93 min 645 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb”.

Sakinlər isə bildirirlər ki, təkcə açılış günü qaz üzü görüblər. Onda da qazı yandırıb, alqışlayıblar. Həmin gündən sonra onlar qaz üzü görməyiblər.