Qusar sakini: Direktorun dərsini bəzən kitabxanaçı keçir, özü dəfələrlə qızımı döyüb

Direktor: “Mənim bu vəzifədə qalmağım çox adama sərf eləmir”

Qusarın Piral kənd məktəbində təhsil həyatı sakit keçmir. Direktor-müəllim qarşıdurmasından tutmuş, məktəbdə istiliyin olmaması, şagirdin döyülməsi iddiasına qədər xeyli problem var.

“Məni çıxarıb, yerimə qohumunu götürmək istəyir”

Piralda danışırlar ki, məktəbin direktoru Kamran Mikayılovla kimya-biologiya müəllimi İkram Qasımov çoxdandır yola getmir. Öyrəndik ki, İkram müəllimin anası Gülarə Qasımova da məktəbin yeməkxanasında işləyir. Gülarə xanım iddia edir ki, direktor həm oğlunu, həm də onu işdən kənarlaşdırmaq istəyir. Piralda əvvəlcə onunla qarşılaşırıq.

Gülarə Qasımova danışır ki, bufetdə işini itirmək onun üçün böyük faciədir, çünki nitq məhdudiyyəti olan qızı Rəvanəni də saxlamalıdır: “Oğluma prezident “Tərəqqi” medalı verib, ona görə gözü götürmür. Məni məktəbdən uzaqlaşdırıb, yerimə qohumunu götürmək istəyir. Məktəbdə iki xadimə, kitabxanaçı, gözətçi, ocaqçı, katibə onun qohumlarıdır. Mənə işləməyə imkan vermir, bufetin yerini üç dəfə dəyişdirib. İndi ondan bu vaxta qədər verdiyim pulları tələb eləyirəm”.

Piralın yollarında kənd sakinlərindən Elxan Abbasovla üz-üzə gəlirik. Məktəbə getdiyimiz biləndə şikayət eləyir:

“Direktor mənim uşağımın tarix müəllimidi həm də. Altıncı sinifdə oxuyur, evdə soruşuram, hər dəfə deyir ki, tapşırıq verilməyib. Ayyarım sonra dözmədim, getdim məktəbə. İradımı Kamran müəllimə bildirdim. Çıxarıb iş planını göstərdi. Qızımla birlikdə oxuyan uşaqlardan da bu haqda soruşub, videoya çəkmişdim. Direktora göstərəndə etiraf elədi ki, çatdıra bilmir. Dedim, bu, dərs keçməməyə əsas vermir, qoy başqası sinfə daxil olsun. Ümumiyyətlə, məktəbdə problem çoxdu. İstilik sistemi işləmir. Valideynlər yığışıb elektrik sobaları almışıq. Mən uşaqlarımın yaxşı təhsil görməsini istəyirəm”.

Elxan Abbasov, ümumiyyətlə, kəndin çox problemi olduğunu deyir. Piralın torpaqları kənar adamlara satılır, örüş yerləri qalmayıb. Bu barədə sonra yazacağıq.

“Qızımı dəfələrlə döyüb”

İkram Qasımov bizimlə söhbətə sinəsində medalla gəlir. Deyir, məktəb bazara dönüb, rüşvətxorluq baş alıb gedir: “Müəllimlər direktora görə qorxu içində işləyir. Tarix müəllimidi, öz dərslərini mütəmadi keçmir. Onun yerinə dərsi əsasən uşaq birliyinin rəhbəri Razim Orucov keçir. Hətta məktəbin kitabxanaçısı Xanım Mikayılova da onun əvəzinə dərs keçir. Öz yaxınlarını işə götürür. Məktəbdə hərc-mərclik yaradır. Heç nədən qorxmadığını bildirir. Deyir, mən özüm hakimiyyətəm. Mənə deyir ki, prezidentin sərəncamı ilə verilmiş “Tərəqqi” medalını geri alacaq. Sərəncama hörmətsizlik eləyir. Məktəb direktorunun medalı geri almaq səlahiyyəti var? Mənimlə aşkar qəsd-qərəzlik eləyir”.

İ.Qasımov iddia edir ki, K.Mikayılov bu məktəbə direktor təyin olunan kimi onun həyat yoldaşı Rənanı işdən çıxmağa vadar edib. Rəna məktəbin kitabxanasında işləyirmiş. Həyat yoldaşının sözlərinə görə, direktor onu bir neçə dəfə təhqir edəndən sonra o da dözməyib, ərizəsini yazmağa məcbur olub: “Başqalarıyla da belə davranır. Məni də işdən uzaqlaşdırmaq istəyir. Uşaqlarımla da pis rəftar edir. Səkkizinci sinifdə oxuyan qızım Əminəni dəfələrlə döyüb. Uşaqların qarşısında onu aşağılayır. Neçə dəfə evdə onu ağlayan görmüşdüm, hətta bir dəfə dedi ki, yaşamaq istəmirəm. Uzun müddət gizlədirdi. Bir neçə gün əvvəl bizə həqiqəti dedi. İndiyə qədər nə dost idik, nə də düşmən. Uşaqlarıma əl qaldırması məni təbdən çıxardı”.

İ.Qasımov övladının məktəbdə döyülməsilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. Deyir ki, dərsdən sonra evdə şagird hazırlaşdırdığına görə direktor onu şantaj edir: “Deyir, repetitorluq eləməyə haqqın yoxdu, cinayətdi, vergi ödəmirsən. Uzun illər bufetdə işləmiş anamla çoxdan prinsip aparır. Həmişə demişəm ki, məni aranızdakı söz-söhbətə qatmayın. Direktor isə deyir ki, ananı sən öyrədirsən. Bütün addımları məni işdən kənarlaşdırmağa xidmət eləyir”.

“Vəzifədə qalmağım çox adama sərf eləmir”

Məktəbin direktoru Kamran Süleymanovla da görüşdük. Direktor qohumlarından yalnız qardaşının həyat yoldaşı Xanım Mikayılovanın məktəbdə işlədiyini təsdiqləyir. Üzərinə götürdüyü tarix dərslərini keçməməsi barədə deyilənlərin isə doğru olmadığını bildirir: “İkram müəllimlə 1998-ci ildən bu məktəbdə birlikdə işləyirik. Dost olmuşuq, bir-birimizin evinə getmişik. İnsafən, İkram müəllim də yaxşı kimyaçıdı, mənim uşağım onun evinə hazırlığa gedib. Onunla düşmən olsaydım, uşağı evinə göndərməzdim. O da direktor olmaq istəyirdi. Kimsə yaxşı müəllim ola bilər, kimsə də yaxşı təşkilatçı. 2013-cü ildən müəyyən qüvvələr haqqımda şikayətlər yazmağa başlayıb. Sağ olsun Təhsil Nazirliyi ki, əsassız hücumlara fikir vermədi. Mənim bu vəzifədə qalmağım çox adama sərf eləmir”.

Müəllimin anası G.Qasımovanın çıxarılması iddiasına gəlincə, K.Süleymanov deyir ki, o, məktəblə əvvəlki direktorun vaxtında müqavilə bağlayıb. Hətta məktəb üçün yeni bina tikiləndən sonra onu çıxarmaq istəyib. Səbəbini də belə izah edir:

“Çünki məktəbdəki təlim-tərbiyə işinin ahəngini pozan insandır. Bunu qadını pisləmək üçün demirəm, onu bütün kənd tanıyır. Neçə dəfə şagirdləri söyüb. Deputat Azər Badamova şikayət eləmişdi. O da mənə dedi ki, müəllim, çalış bu məsələ müsbət həll olunsun. Mən də toxunmadım. Getdikcə oğlu ilə birlikdə məndən daha çox şikayət yazmağa başladılar. Pulları geri istəyirsə, versin məhkəməyə. Ona 49 kvadrat yeri avadanlıqlarla birlikdə ayı 20 manata icarəyə vermişdik. Daha çox tələb eləyə bilərdik, amma imkanı nəzərə aldıq. Məncə, süni narazılıq yaradırlar. İnsana medal təxribatla məşğul olmaq üçün verilmir. Ona medalı verən prezident geri ala da bilər”.

Direktor deyir ki, İ.Qasımovun həyat yoldaşını çıxarıb, qohumunu işə götürmək planlı olmayıb: “Sadəcə, yer boşaldı. Onun kimi istənilən ixtisaslı kadrı işə götürəcəkdim”.

K.İsmayılov onunla yola getməyən müəllimin intizamsız olduğunu bildirir: “On ay fasiləsiz xəstəliyi səbəb gətirərək dərsə çıxmayıb. Bu ayın 8-dən məktəbə gəlir. Xəstəlik vərəqəsi ola-ola “Hədəf” kurslarında dərs deyirdi. “Gəl, məktəbdə dərs keç” deyəndə cavab verir ki, “xəstəyəm”.

Direktor dərslərini özü keçdiyini, Əminəni döymədiyini bildirir…

Yazı hazır olanda xəbər tuturuq ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşı şikayətlə əlaqədar kəndə gəlib, Əminədən, onun sinif yoldaşlarından izahat alıb.