Mənzillərlə bağlı fərmanın icrasına niyə başlanılmır?

Yanvarın 25-də Azərbaycan prezidenti “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərman imzalayıb.

Sənədə görə, satmaq öhdəliyi ilə kirayədə yaşayan vətəndaş onunla müqavilə bağlanıldıqdan sonra aylıq ödəniş məbləğinin 12 misli miqdarında pul vəsaitini Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına köçürməlidir. Sonra isə aylıq əsasda ödənişlərin aparılması təmin edilir. Mənzilin dəyərini tam ödəyəndən sonra həmin mənzil kirayəçinin mülkiyyətinə keçir. Müqavilə 3 ildən 20 ilədək müddətinə bağlanır. Fərmanın icrası İpoteka və Kredit Zəmanət Fonduna tapşırılıb. Lakin 9 ay keçməsinə baxmayaraq, Fərmanın icrası hələ də başlanmayıb. Fonddan Turan-a bildirilib ki, cari ilin sonuna kimi yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi prosesinə başlanılacaq.

“Normativ hüquqi bazanın yaradılması tam yekunlaşıb və şəffaflığın və vətəndaşlara xidmətdə rahatlığın təmin edilməsi üçün ASAN Xidmət Mərkəzi ilə əməkdaşlıq əldə edilib. Kirayə mənzil mexanizmi ilə bağlı proseslərin avtomatlaşdırılması üzrə işlər yekunlaşma mərhələsindədir”, deyə idarədən bildiriblər.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi prosesin icrası üçün nəzərdə tutlmuş məbləğ haqqında və fərmanın icrasından yararlana biləcək vətəndaşların sayı barədə suala isə Fond konkret cavab verməyib.

Bu layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulmayıb. Layihə Fondun vəsaiti hesabına həyata keçiriləcək.

Kirayə mənzillər üçün müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, məhkumluğu olmayan, yaşı 60 yaşdan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətlərində olmayan, rəsmi gəliri olan və onları təsdiq edə bilən Azərbaycan Respublikası vətəndaşı müraciət edə bilər.

İqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, fərmanın özünü müsbət qiymətləndirmək olar, lakin fərmanın icrası böyük maneələrlə qarşılaşacaq.

“İpoteka layihəsinin Azərbaycanda iflasa uğradığını demək olar. Əvvəl çox yüksək faizlər və çox ağır şərtlər tədbiq etdilər. Bu da ipoteka ilə mənzil almaq istəyənlərin sayını aşağı saldı. Daha sonra isə faizi də aşağı saldılar, şərtlərini də yüngülləşdirdilər, amma yenə də alan olmadı. Çünki ipoteka ilə alınması nəzərdə tutulmuş yaşayış sahələrinin qiymətlərini o qədər yüksək etdilər ki, onlara yaxın duran olmadı. Bu evləri nağd şəkildə alsan onların qiyməti qat-qat ucuz olacaq. İstisna etmirəm ki, kirayə verilən evlərin da qiymətlərini suni şəkildə qaldıracaqlar”, deyə ekspert bildirib.

Daha bir problem ondan ibarətdir ki, Azərbaycanda çoxları qeyri-rəsmi əmək müqavilələri ilə işləyir, buna görə də mənzil üçün müraciət edə bilməyəcəklər.

Azərbaycanda rəsmi olaraq maaş alan şəxslərin sayı 1,5 mln. nəfərdir. Onların 890 min nəfərinin maaşı ayda 250 manatdan artıq deyil. Buna görə mənzilə ehtiyacı olanların əksəriyyəti onu ala bilməyəcək.

Hakimiyyət bu cür layihələri həyata keçirməzdən əvvəl əmək haqqını qaldırmalıdır, ekspert belə hesab edir.

2017-ci ildə yaradılmış İpoteka və Kredit Zəmanəti Fondunun məlumatına görə, bu günə qədər 26 848 kredit ayrılıb, buna 1,37 mlrd. manatdan çox vəsait xərclənib.

Turan İnformasiya Agentliyi