“Elina işi”: məktəb direktoru məhkəmədə nə deyib?

162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasova deyir ki, rəhbərlik etdiyi təhsil ocağında 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdinə görə əvvəl özünü qismən təqsirli bilirdi. Amma istintaqın sonunda cinayət işinin materiallarıyla tanış olandan sonra ümumiyyətlə, özünü təqsirli bilmir.

Bu barədə o, oktyabrın 2-də Səbail Rayon Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verərkən danışıb.

Elina öِzünü məktəbin üçüncü mərtəbəsindən atandan sonra vaxtında təcili tibbi yardım çağrılmamasını direktor həmin vaxt affekt vəziyyətində olmasıyla izah edib:

“Sağlamlığım yerində olmadığına görə həmin vaxt kimə zəng elədiyimi, nə danışdığımı xatırlamıram. Tibb bacısı onda Elina ilə yanaşı, mənim də təzyiqimi ölçdü. Sənədlər də göstərir ki, Təcili Tibbi Yardıma ilk zəng eləyən mən olmuşam”.

Elinanın bundan öncə iki dəfə ülgüclə boynunu kəsdiyini, bu barədə polis bölməsinə xəbər verildiyini, yeniyetmələrlə iş şöbəsindən Pərvanə adlı polis əməkdaşının məktəbə çağrıldığını deyən direktorun sözlərinə görə, həmin vaxt Elinanın anasına da zəng eləyib məktəbə çağırıblar. Lakin anası digər övladının xəstə olduğunu deyərək gəlməyib.

“Sanki özü də danışmaq istəyirdi”

Sevinc Abbasova hadisə günü barədə bunları danışıb:

“İkinci dərs bitəndən sonra tənəffüs zamanı müavinim Tünzalə Mikayılova ilə birlikdə bir gün əvvəl olanları müzakirə edirik… Kimya müəlliməsi gəlib bir uşağın yıxıldığını dedi. Biz gedib çatanda iki uşaq Elinanı qucaqlarına götürüb içəri girirdilər. Başqa uşaqlar da toplaşmışdı. Mən onlara acıqlandım ki, uşağı kim itələyib? Elina da onların qucağından düşmək istəyirdi, özü dedi ki, “məni heç kim itələməyib, özüm yıxılmışam”. Tibb bacısının otağını açmaq istəyəndə gördük ki, bağlıdır. Sonradan öyrəndim ki, həmin gün işə gec gəlibmiş”.

Sabiq direktor bildirib ki, Elina çox danışan deyildi, amma həmin gün sanki özü də danışmaq istəyirdi.

Onun sözlərinə görə, Elina bir neçə aydır dərman atdığını deyib. Tibbi sınıq, gözlə görünən xəsarət olmadığını bildirəndən sonra valideynlərə xəbər verilib.

“Artıq 10-a yaxın polis məndən izahat alırdı. Onlar dərman məsələsi ilə maraqlanırdılar, sualların çoxuna Elina özü cavab verirdi. Sonra da Xalidə Bayramova gəldi. Polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan vərəq çıxdı. Həm də Elinanın gündəliyi var idi, orada yazılmışdı ki, “ölümümə 50 gün qalıb”. Yazıldığı tarixlə hesablayanda gəlib aprelin 7-nə düşürdü. Xalidə Bayramova “skoru” maşınında Elina ilə birlikdə getdi”, – keçmiş direktor söyləyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Elinanın 3-cü mərtəbədən düşməsini sonradan kameralara baxanda grüb. Deyir, əvvəl elə bilib ki, ikinci mərtəbədən – bir müddət əvvəl iki uşağın dərsdən qaçdığı pəncərədən yıxılıb.

Elinanın anası nə deyir

Axşamüstü xəstəxanaya getdiyini, amma Elinanın valideynlərini orada görmədiyini deyən Sevinc Abbasova orada baş verənlər barədə bunları danışıb:

“Yarım saat sonra Fazil həkim Elinanı UZİ-yə aparanda gördüm. Onu əlinin üstündən tanıdım. Anası demişdi ki, yanıq yeridi, amma ekspertiza iynə yeri olması barədə rəy verib. Elina dedi ki, uşaqlardan kim istəsə mənim yanıma gəlsin, uşaqlara salam göndərdi. UZİ-dən sonra bizə dedilər ki, hər şey yaxşıdı, bircə sidik kisəsində ləkə var. Dedilər qan olsa, əməliyyat edəcəyik, Elina bunu eşidəndə bir az qorxdu. Aprelin 6-da prokurorluqda ifadə verəndə Elinanın öldüyünü eşitdim”.

Elinanın anası Sevil Hüseynova qızının məktəbdə incidildiyini, lakin direktorun lazımi tədbir görmədiyini bildirib:

“Hətta bir dəfə şikayətə gedəndə qışqırıb dedi ki, bezdirdiniz məni. Dedik ki, sizin bu cür davranışınızla bağlı şikayət edəcəyik. O da dedi ki, “hara istəyirsiz, şikayət eləyin, mənim Təhsil Nazirliyində adamım var”.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.

E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru S.Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

“Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərəəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib”,– Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

Azadlıq Radiosu