Zaminin hansı öhdəlikləri var?

Kreditin təminat üsullarından biri də zaminlikdir. Zaminlik öhdəliyinin yaranması üçün ilk öncə tərəflər arasında müvafiq yazılı formada bağlanmış zaminlik müqaviləsinin olması mütləqdir. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin həm subsidiar məsuliyyət, yəni əlavə, həm də borclu ilə eyni həcmdə öhdəlik daşıya bilər. Bu, zaminlik müqaviləsində nəzərdə tutulan şərtlərdən asılıdır.

Zaminlik müqaviləsinin müddəti nə qədərdir?

Əsasən, zaminlik müqaviləsində onun müddəti göstərilmir. Borcluya münasibətdə iddia müddəti 3 ildir, müddət ötməyibsə, bank borcludan krediti tələb edə bilər. Lakin, zaminə münasibətdə qayda bir qədər fərqlidir. Deməli, əgər kreditin müddəti 1 ildirsə, həmin 1 il bitəndən sonra bank zamindən borcun ödənilməsini yalnız 1 il ərzində tələb edə bilər. Buna görə də, zaminlər ilk növbədə kredit müqaviləsində kreditin hansı müddətə verildiyinə diqqət etməlidirlər. Həmin müddətdən 1 il ötübsə, zamin zaminlik öhdəliyindən azad hesab olunur və bankdan da bunu tələb edə bilər.

Zaminliyə hansı hallarda xitam verilə bilər?

Əgər zaminlik müqaviləsi yazılı şəkildə bağlanmayıbsa, əsas müqavilə üzrə borclu dəyişibsə, yaxud, müqavilənin müddəti uzadılıbsa, o cümlədən müqavilə müddətinin bitməsindən 1 il keçibsə və bank zaminə qarşı məhkəmədə tələb irəli sürməyibsə, zaminlik öhdəliyinə xitam verilir. Bu halda hər hansı ödənişlərin tələb edilməsi qanunsuzdur.

Göstərilənləri nəzərə alaraq, gələcəkdə yarana biləcək xoşa gəlməz halların aradan qaldırılması üçün, zamin zaminlik müqaviləsinə imza atarkən, öz hüquq və vəzifələrinizi bilməlidir. (Benefisiar.org)

Oxunub: 2280