Azərbaycan hüququ: fəlsəfəsi və gerçəkləri (II yazı)

Hüquqşünas
Ənnağı Hacıbəyli – hüquqşünas

(ikinci yazı)

Hüquq və hüquq fəlsəfəsi

Hüquq – azadlıqdır deyirlər. Fərdlərin azadlığı onların iradəsinin azadlığıdır. Aristotel, H.Hrotsi və ardıcılları hüququn iradi xarakterini iradi qaydalarda, Russo ümumi iradənin ifadəsində, marksistlər isə sinfi iradədə görürlər.

Bir də “insanlar bərabər olduqları qədər azad, azad olduqları qədər bərabərdirlər” deyirlər.

Hüququn dayandığı ədalət və qanun qarşısında bərabərlik prinsipləri antihüquq qanunların qəbulunu istisna edir. Bu prinsiplər, qanunun üstünlüyü prinsipi ayrı-ayrı adamlara fərqli yanaşmanı, hüququ hərənin öz arşını ilə ölçməsini rədd edir.

Bəzən “hüquqi qanunlar” ifadəsinə rast gəlirik. Əslində, hüquqi olmayan qanun nonsensdir, qanun deyil, anormallıqdır, antikonstitusiondur. Bu ifadə bir halda anlaşılmazlıqdan, hüququn mahiyyətinin dərk edilməməsindən qaynaqlanır. Başqa halda məhz hüququn mahiyyətinə varmaqdan, qanunun hüquqiliyini qiymətləndirmək bacarığından irəli gəlir. Hüquq da, dövlət də hüquqi olmalıdır. Hüquqa uyğun olmayan qanunların peyda olması sifarişli qanunvericilikdən, anormal qanunvericilik prosesi və texnikasından, dövlətin hüquq dövləti olmamasından qaynaqlanır.

Konstitusiya və qanunlara dəqiq əməl edilməklə qəbul edilən qanun məhz hüquqi qanundur, çünki bu zaman qanun hüququn qanunlarına uyğun olmayan siyasi sifarişdən deyil, ictimai münasibətlərin hüquq prinsipləri əsasında nizamlanması zərurətindən irəli gəlir.

Qanun – hakim iradənin sanksiyalaşdırdığı qaydalardılr. Ona görə də hakimiyyətin necə formalaşdırılması qanunun hüquqiliyinə bilavasitə təsir edən amildir. Hakimiyyətin çoxluğun iradəsi ilə formalaşması onun qəbul etdiyi qanunlarda məhz çoxluğun iradəsinin təzahürünü şərtləndirir. Azad, ədalətli, demokratik seçkilərlə formalaşmayan hakimiyyətin qəbul etdiyi qanunlarda daha çox qrup, ailə, tayfa maraqları gözlənilir. Belə qanunlarda hüququn prinsiplərinin inkar edilməsi təbiidir. Belə qanunlar pozitiv hüquq sayıla bilməz.

“Şəxsiyyət (adam) ol, başqalarına da şəxsiyyət kimi sayğı göstər” (Hegel).

Amma yox, on doqquzuncu əsrin zehniyyəti hələ də yaşayır. Adam ola bilməyən hakimiyyətlər nəinki başqalarına şəxsiyyət kimi yanaşmır, insan hüquq və azadlıqlarını pozmaqla əslində onları insan saymadığını, hüququn onlar üçün formal müddəalardan başqa bir şey olmadığını ortaya qoyur.

Kanta görə, hüquq Tanrının yer üzünə bəxş etdiyi ən müqəddəs nemətdir. Kantın görmək istədiyi vətəndaş cəmiyyəti, hüquq cəmiyyətini yaratmamış və ya yaratmaq istəməyən hakimiyyətlər o filosofdan iki yüz il sonra ondan daha iki yüz il geri qalırlar.

Hakimiyyət və ya müxalifət olmasından asılı olmayaraq xalqın azadlıq və demokratiyaya hazır olmadığını iddia edənlərə Kantdan yaxşı cavab verən olmayacaq: “Hansısa xalq azadlıq üçün yetişməyib” ifadəsi yaxşı ifadə sayıla bilməz. Bu ehtimalla azadlıq heç vaxt gəlməyəcək, çünki insanlara azad şərait yaratmadan azadlıq üçün yetişmirlər.

Hüquq – dəyərdir (Kant). Əxlaq kimi. Onların qoruyucuları (hüquq sanksiyaları və qınaq) fərqli olsa da, onları birləşdirən məqamlar da var. Sanksiya da qınaqdır, qınaq isə əxlaq pozucusuna qarşı toplumun tətbiq etdiyi sanksiyadır. Bunların heç biri rolunu yetərincə icra etməyəndə toplum əxlaq və hüquq orientirlərini itirir. İdealda hər ikisinin işlək mexanizm olması gərəkir. Lakin qanunların icrasında əxlaq nə qədər gərəkli olsa da, hətta qanun qarşısında da dayanmayanı əxlaqın dayandıracağı illüziyadır. Həm də ona görə ki, əxlaq – toplumun könüllü tabeçiliyidir.

Kimliyindən asılı olmayaraq (dövlət (hakimiyyət), toplum, fərd), qanuna tapınmamaq əxlaqsızlıqdır.

Qəribədir, qanun qarşısında dayanmamaq, bəlkə də, məhz əxlaq problemindən qaynaqlanır. Hər kəsin daxilində bir əxlaq baryeri var və onu tapdayıb keçən güc qarşısında hüquq da acizdir. Əxlaqın dəyərlərinə sayğısız olanın hüquq dəyərlərini pozması elə də çətin məsələ deyil…

Hüquq – toplumun dəyəri olmalıdır. O, azad, ədalətli, demokratik seçki yolu ilə formalaşmayan hakimiyyətin dəyəridirsə, ona toplumun dəyəri kimi baxmaq olmaz. Bəzən məhz dəyərin qrup dəyəri olması toplumda ona qarşı laqeydlik yaradır. Məsələn, korrupsiya büdcəsini doldurmaq üçün xalqın həyat səviyyəsi ilə ayaqlaşmayan astronomik cərimələr müəyyən edən hüquq ədalətli deyil, hüququn prinsiplərinə ziddir, buna görə də toplumun qəbul etdiyi qaydaya çevrilmir. Təkcə zor gücünə icra etdirilən hüquq isə hüquq deyil. Dövlətin boynunda insanların layiqli həyat səviyyəsini təmin etmək öhdəliyi var. Köhnə və yeni dövlətlərdə indi “sosial yönümlü dövlət qururuq” çağırışları dəb halını alıb. Sosial yönümlü dövlət yeni ideya deyil.

Platon, Aristotel və Siseronun “ümumi rifah” dövləti çağdaş Avropa dövlət və hüququnun ana prinsip və ideyalarından biridir. Sosial rifah dövləti azad və bərabər hüquqlu subyektlərin dövlətidir. Bu baxımdan istənilən ölkənin gerçəkliyini görmək üçün onun Konstitusiya və qanunlarına, onların tətbiqi praktikasına, özəlliklə büdcə xərclərinə baxmaq yetərlidir. Sosial dövlət propaqandası ən tez ifşa olunan uğursuz siyasi kələkdir. Çünki onun gerçəkliyini toplumun çoxluğu öz dərisində daha tez hiss edir və ağrılı yaşayır.
Dövlət – hüquq hadisəsidir. Pozitiv hüquq onun məhsuludur. Dövlət qoyduğu qaydaları öncə özü dəqiq icra etməli, sonra bunu başqalarından tələb etməlidir. Qanunun üstünlüyü, bərabərlik, məsuliyyətin hamı üçün qaçılmazlığı prinsiplərini pozan, insan haqlarına sayğısızlıq edən dövlət toplumdan qanuna hörmət tələb etmək haqqını itirir. Formal olaraq bu haqqın əldə saxlanması güvənli perspektiv vəd edə bilməz.

Pozitiv hüquq – dövlətin qəbul etdiyi qanunlar yazılı hüquqdur. Toplum təkcə onunla idarə olunmur. Pozitiv hüquq institutlar sistemidir. Dövlət orqanları, dini qurumlar, vətəndaş cəmiyyəti təşkilatları pozitiv hüququn institutları kimi cəmiyyətin idarə olunmasında iştirak edir (etməlidir). Bu institutların fəaliyyətinin səviyyəsi, gücü, gerçəkliyi dövlətin demokratikliyinin əyani göstəricisidir.

“Milli demokratiya”, “bizim öz yolumuz var”, “biz nəyə görə kimisə təkrar etməliyik” və s. anlaşılmaz orijinallıqların ciddi söhbət olmadığını bu siyasi kələkbazlığın müəllifləri hamıdan yaxşı bilirlər.

Əslində, müəllifi rus neomüstəmləkəçiləri olan bu absurdların milli ifaçıları işlərinə yarayan belə propaqandalardan ailə-klan hakimiyyəti qurmaq üçün yararlanırlar. Konstitusiya və qanunlara edilən avtoritar, insan hüquq və azadlıqlarını qısıdan dəyişikliklər hüququn hamılıqla (“milli demokratiya” quranlar xaric) qəbul edilən prinsiplərinə meydan oxuyur. Nəticədə biz demokratik hüquq dövlətinin çəpərlədiyi ərazinin hədlərində azadlıq və hüquq əldə edirik.

Demokratik hüquq dövləti – çəpər – azadlıq…

Böyük rus hüquq filosofu S.Alekseyev “xüsusi yol” azarkeşlərinə xatırladırdı ki, sizin nə qədər xüsusi yolunuz olsa da, o, hüquq yolu olmaya bilməz. Asiya və Cənubi Amerikanın təbii sərvətlər hesabına inkişaf etmiş dövlətlərinin iqtisadi yüksəlişi yolundakı çətinliklər və “tupik”lər məhz “xüsusi yol”un ümumsivilizasiya kriteriyaları və tələblərinə (hüquq və insan haqları) uyğun gəlməyən tərəfləri ilə bağlıdır.

Bəşəriyyət insan cəmiyyətini hüquqla idarə etməkdən yaxşı bir üsul tapa bilməyib, çünki hüquq bərabərlikdir, ədalətdir, mənəviyyatdır, hamı üçün qəbul edilə biləcək ortaq mövqedir.

Yazı Meydan TV-nin saytından götürülüb.

Əvvəlki məqaləAzərbaycan hüququ: fəlsəfəsi və gerçəkləri (I yazı)
Növbəti məqaləYaşayış minimumunun həddi 210 manata qaldırılır