Publuk hüquqi şəxslər: cavabsız suallar

Hüquqşünas
Ənnağı Hacıbəyli – hüquqşünas

“Publik hüquqi şəxslər haqqında” Qanun (bundan sonra – PHŞ) 2015-ci il dekabrın 29-da, onun tətbiqi barədə Prezident Fərmanı 2016-cı il fevralın 3-də qəbul edilib. Keçən 6 ilə yaxın müddətdə cəmi 9 maddədən ibarət Qanuna 4, Fərmana isə 5 dəfə dəyişiklik edilib. Qanunvericilik prosesinin keyfiyyəti göz qabağındadır. Bu statistik görüntülərlə çeşidli bəhanələrlə mübahisə edilə bilər. Daha önəmli olan isə qanunun mahiyyəti, keyfiyyəti və nizamlama dəyəri ilə bağlı iradlardır.

Bu Qanun ən az dartışılan qanunlardandır. Əslində qanunvericiliyin keyfiyyəti, daha geniş yanaşsaq, qiymətləndirilməsi ilə çox az hüquqçu maraqlanır. Adətən bu, plagiat elmi “əsərlər” və praktik hüquqçuların qarşılaşdığı və yumşaq etiraz etdiyi epizodik deyinmələrlə qapanır. Amma bir gün hamı gözünü açıb görəcək ki, ölkə PHŞ-lər və onların doğurduğu problemlərlə doludur.
Qanunu oxuyanda ilk gözə dəyən, izahını gözləyən problemlərə baxaq.

Öncə onu deyim ki, əmlak münasibətlərini nizamlayan qanunvericiliyin konstitusiyasında – Mülki Məcəllədə mülki dövriyyədə üç qrup subyektin iştirakı nəzərdə tutulur:

1) kommersiya qurumları;

2) qeyri kommersiya qurumları;

3) PHŞ-lər.

Hə, əslində bu qurumların sayı 3 deyil, üç tam onda beşdir. MM-in 43.3-cü maddəsinə əsasən, “AR mülki hüquq münasibətlərində eynilə başqa hüquqi şəxslər kimi iştirak edir. Bu halda AR-in səlahiyyətlərini hüquqi şəxs olmayan orqanları həyata keçirir”.

Maraqlıdır, hüquqi şəxs olmayan qurumlar mülki dövriyyədə necə hüquqi şəxs kimi iştirak edə bilər? Edə bilərsə, hüquqi şəxs statusu nəyə gərəkdir? Ümumiyyətlə, hüquq subyektliyi bu halda nəyi ifadə edir? Mülki qanunvericiliyin ana prinsipi – mülki hüquq subyektlərinin bərabərliyi öz rolunu oynaya bilərmi? Arxasında ordu, dövlət hakimiyyəti, məhkəmələr dayanan “subyekt”lə sahibkarın bərabərliyini təsəvvür edə bilirsinizmi? Məhkəmə praktikası belə qurbanlarla dolu deyilmi?

2.2-ci maddəyə əsasən, PHŞ dövlət təşkilatı deyil. 5.4-cü maddə PHŞ-nin müflis elan edilməsini qadağan edir. Müflis elan olunma mülki hüquq subyektinin – kreditorun əmlak mənafelərinin təmin olunmasının, yəni borcluya qarşı tələblərinin ödənilməsinin bir formasıdır. Hətta dövlət də defolt elan oluna bilirsə, onun və ya bələdiyyənin yaratdığı mülki hüquq subyekti nədən müflis elan olunmasın? PHŞ-nin və təsisçisinin cavabdehliyi ilə bağlı normalar (m. 7.5, 7.6) qanundan çıxarılıbsa, PHŞ-nin öhdəliklərinin icrasına hansı təminatlar var?

3.1-ci maddədə PHŞ-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hədləri eynilə QHT-lərdə olduğu kimi qısıdılıb – onlar bu fəaliyyətlə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

Qanunvericilik hər iki növ təşkilatlar üçün bu fəaliyyətin hədlərini dəqiqləşdirmir. Bu “bezrazmer” qayda hüquq nizamlamasında nə məqsəd daşıyır və onun rolu nədən ibarətdir?

4.3-cü maddədə deyilir: “Bu Qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla publik hüquqi şəxsin yaradılması ilə bağlı məsələlər MM-lə tənzimlənir”. Bu xüsusiyyətlərin bir çoxu MM-in qaydalarına tamamilə ziddirsə onlar nə dərəcədə hüquqi və legitimdir? “Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu”nun 2.5-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir”sə, ona zidd qaydaları müəyyən etməkdə məqsəd nədir?

8.2.6-cı maddəyə əsasən, xalis aktivlərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), PHŞ-yə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına təsisçilərin razılığı tələb olunur. MM-in 49-1-ci maddəsində hər iki halda 5 faiz nəzərdə tutulur. Bu fərqin mənası nədir? Belə bir fərziyyə irəli sürmək olar ki, antikorrupsiya tədbiri kimi qanunvericiliyə daxil edilmiş bu normanın PHŞ-lərlə bağlı interpretasiyası onlara verilmiş dövlət və bələdiyyə əmlakından daha liberal istifadə qaydası müəyyən etməkdir. Axı dövlət orqanlarında korrupsiya halları kommersiya və qeyri-kommersiya qurumlarından daha az müşahidə olunur!

Bəzi dəyişikliklər barədə.

1.2-ci maddə (Bu Qanun dövlətə məxsus müəssisələrə şamil edilmir), 5.3-cü maddə (Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları PHŞ-lərə ötürə bilməzlər), 7.5-ci maddə (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları PHŞ-nin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün PHŞ-yə verdiyi əmlakın dəyəri həddində məsuliyyət daşıyır), 7.6-cı maddə (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları PHŞ-nin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) Qanundan çıxarılıb. Bu maddələr nəyə görə Qanuna daxil edilmişdi? Onların çıxarılmasından sonra bu məsələlərin həlli hansı qaydalarla nizamlanır?

Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, bu Qanunun məqsədi hüquqi şəxs qəlibinə sığmayan, qanuni-qanunsuz fəaliyyət göstərən və ya yeni yaradılan, mülki dövriyyədə iştirak edən qurumlara qanuni don geyindirməkdir. Bu zaman qanunverici leqal hüquq konstruksiyalarını dağıdaraq ölkə qanunvericiliyinin müddəalarına məhəl qoymadan PHŞ-lər üçün özəl, ölçüsüz bir akt qəbul edib.

Sonu olmaya daha bir son qeyd. MM-in 64.6-cı maddəsinə əsasən, “Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər”. PHŞ haqqında Qanunun 6.2.8-ci maddəsinə əsasən, PHŞ-yə təsərrüfat cəmiyyəti yaratmaq və ya onlarda iştirak etmək hüququ verilə bilər. Ana Qanunun (MM) dövlət və yerli özünüidarə orqanına qadağan etdiyi səlahiyyəti bu orqanlar necə başqasına verə bilərlər?

Bir çox hallarda ritorik olsa da, bu suallar hələ də cavabını gözləyir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

Əvvəlki məqaləİcbari tibbi sığortaya daxil olan bəzi xidmətlərə limit qoyulacaq
Növbəti məqaləPolis Akademiyasına qəbul qaydası təsdiqlənib