Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” sisteminə əlavə olaraq digər buraxılış sistemləri aşağıdakılardır:

  1. “Mavi dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi;
  2.  “Sarı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin, məlumatların, elektron və ya kağız daşıyıcıda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın, mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi;
  3. “Qırmızı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemi.

Malların idxalı zamanı hansı növ buraxılış sistemindən istifadə olunması necə təyin edilməlidir?

  1. aşağı orta risk qrupuna aid olan və bu Qaydaların aşağıda göstərilənlərə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmadan gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə:

1.1. aşağı risk qrupuna aid olan idxalatçıların ümumilikdə 10 faizindən çox olmayan hissəsində gömrük yoxlaması həyata keçirilə bilər;

1.2. orta risk qrupuna aid olan idxalatçıların ümumilikdə 50 faizindən çox olmayan hissəsində gömrük yoxlaması həyata keçirilə bilər.

  1. aşağı risk qrupuna aid olan və yuxarıda göstərilmiş 1.1-ci yarımbəndə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmaqla gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Mavi dəhliz” buraxılış sistemi vasitəsilə;
  2. orta risk qrupuna aid olan və yuxarıda göstərilmiş 1.2-ci yarımbəndə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmaqla gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Sarı dəhliz” buraxılış sistemi vasitəsilə;
  3. yüksək risk qrupuna aid olan mallar və nəqliyyat vasitələri – “Qırmızı dəhliz” buraxılış sistemi vasitəsilə.

Qeydlər: Risk qruplarının bölgüsü aşağıdakı meyarlara əsasən aparılır:

  1. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyətinin miqyası;
  2. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyət göstərdiyi müddət;
  3. idxalatçı tərəfindən idxal olunan məhsulların xüsusiyyətləri (çeşidləri);
  4. idxalatçı tərəfindən əvvəllər aparılmış xarici ticarət əməliyyatlarının nəticələri;
  5. idxalatçının maliyyə intizamlılığı;
  6. idxalatçı tərəfindən gömrük ödənişləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcunun olmaması (Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla);
  7. idxalatçının əvvəllər iqtisadi sahədə cinayətlərə görə cinayət məsuliyyətinə, həmçinin vergi və ya gömrük qaydalarının pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması;
  8. idxalatçının gömrük sərhədindən keçirilən mallarının uçotunda və onlar haqqında hesabatlarda uyğunsuzluqların və ziddiyyətlərin olmaması;
  9. sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanları tərəfindən aparılan yoxlamaların nəticələri;
  10. xarici ölkələrin gömrük və digər orqanlarının məlumatı.

“Mavi dəhliz” buraxılış sistemindən istifadə qaydaları

  1. mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir;
  2. qısa idxal bəyannaməsində gömrük qanunvericiliyi ilə tələb olunan məlumatlar əks etdirilməlidir;
  3. nəqliyyat vasitəsinin texniki konstruksiyası onun texniki sənədləri ilə müəyyən edilmiş normalar həddində olmalıdır;
  4. mallar və nəqliyyat vasitələri üzərində vizual müayinə aparılması üçün gömrük orqanının əməkdaşlarına şərait yaradılmalıdır;
  5. idxalatçının informasiya mübadiləsini həyata keçirməsi və həmin informasiyanın mühafizəsini təmin etməsi üçün müvafiq imkanları olmalıdır;
  6. təyinat yerlərində gömrük nəzarəti formalarının tətbiq edilməsi üçün gömrük orqanının əməkdaşlarına şərait yaradılmalıdır;
  7. malları istifadəsində olan yerə aparmaq istəyən idxalatçının mallarla yük və saxlanc əməliyyatları aparması üçün infrastrukturu olmalıdır;
  8. gömrük orqanı əməkdaşlarının iştirakı olmadan, mallara və nəqliyyat vasitələrinə vurulmuş gömrük təminatının tamlığı pozulmamalıdır.

Qeydlər:

  1. idxalatçılar gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanının əməkdaşlarını məlumatlandırmaqla, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra öz mallarını və nəqliyyat vasitələrini gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə keçirir.
  2. gömrük ərazisinə buraxılan mallar və nəqliyyat vasitələri üzərində gömrük yoxlaması gömrük ərazisinə buraxılışdan sonra, idxalatçının müəyyən etdiyi yerdə, lakin gömrük orqanlarının iş vaxtı və Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük bəyannaməsinin təqdim edilməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün son müddət nəzərə alınmaqla həyata keçirilir.
  3. Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətdə gömrük bəyannaməsi təqdim edilməklə gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq, onlar şəxsin istifadəsinə və ya sərəncamına verilir.

“Sarı dəhliz” buraxılış sistemindən istifadə qaydaları

  1. “Mavi dəhliz” buraxılış sistemindən istifadəyə dair bütün tələblər;
  2. idxalatçılar malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçdiyi andan Gömrük Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə gömrük proseduruna uyğun gömrük bəyannaməsini təqdim etməli və gömrük ödənişlərini həyata keçirməlidirlər;
  3. mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətdə və marşrut üzrə təhlükəsiz qaydada təyinat yerlərinə çatdırılmalıdır;
  4. daşınan malların qablaşdırılması onların təhlükəsiz qaydada təyinat yerlərinə çatdırılmasını istisna etməməlidir;
  5. mallar təyinat yerlərinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir;
  6. gömrük orqanlarının icazəsi olmadan gömrük nəzarəti altında olan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırılması, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi hallarına yol verilməməlidir;
  7. malların üzərində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yoxlamaların aparılmasına şərait yaradılmalıdır;
  8. malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün Qaydaların 3.4.1 və 3.4.2-ci yarımbəndlərində qeyd olunan məlumat və sənədlərin (qısa idxal bəyannaməsində gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan məlumatlar, gigiyenik, qida təhlükəsizliyi və s. sertifikatlar) təqdim edilməsi tələb olunursa, həmin məlumat və sənədlər gömrük orqanının əməkdaşlarına təqdim edilməlidir.

Qeydlər:

  1. istifadə edən idxalatçılarla bağlı gömrük sərhəd buraxılış məntəqələrində elektron formada əldə olunmuş və ya kağız daşıyıcıda olan sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın, mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin və digər hüquq müəyyənedici sənədlərin mövcudluğu yoxlandıqdan və gömrük qanunvericiliyi ilə tələb olunan gömrük nəzarəti formaları tətbiq olunduqdan sonra mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılır.
  2.  gömrük ərazisinə buraxılan mallar və nəqliyyat vasitələri barədə Qeydlərin a bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanması gömrük sərhəd buraxılış məntəqəsində, gömrük nəzarətinin digər formaları gömrük ərazisinə buraxılışdan sonra, gömrük orqanlarının müəyyən etdiyi vaxtda və yerdə həyata keçirilir.

“Qırmızı dəhliz” buraxılış sistemindən istifadə qaydaları

  1. istifadə edən idxalatçılar tərəfindən bu Qaydalarla “Mavi dəhliz” və “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar üçün müəyyən olunmuş tələblərlə yanaşı, Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların, nəqliyyat vasitələrinin, həmçinin şəxsin yoxlanması və gömrük nəzarətinin həmin Məcəllədə nəzərdə tutulan digər formalarının həyata keçirilməsi üçün zəruri olan tələblərə əməl olunmalıdır;
  2. istifadə edən idxalatçılar tərəfindən gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük orqanları tərəfindən müəyyənləşdirilən digər yerlərdə gömrük nəzarətinin tələb olunan bütün formaları tətbiq edilməklə mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılır.

Əlavə qeydlər

  1. “Sarı dəhliz”“Qırmızı dəhliz” buraxılış sistemindən istifadə zamanı təyinat gömrük orqanında və ya gömrük orqanlarının müəyyən etdiyi digər yerlərdə gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra mallar, onların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, şəxsin istifadəsinə və ya sərəncamına verilir.
  2. “Mavi dəhliz”, “Sarı dəhliz”“Qırmızı dəhliz” buraxılış sistemlərindən istifadə edildiyi zaman, mallar və nəqliyyat vasitələri gömrük orqanlarına aşağıdakı şəxslərdən biri tərəfindən təqdim olunur:

2.1. malları gömrük ərazisinə gətirmiş şəxs;

2.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;

2.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;

2.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;

2.5. müvəqqəti saxlanc yerinin sahibi.

  1.  Bu Qaydalar qüvvəyə mindiyi gün idxalatçıların ilk dəfə risk qrupları üzrə bölüşdürülməsi zamanı aşağıdakı şərtlərə əməl edilməlidir:

3.1. bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 (üç) il ərzində ən azı bir dəfə idxal əməliyyatı həyata keçirmiş idxalatçılar aşağı risk qrupuna aid edilirlər;

10.1.2. bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 (üç) il ərzində heç bir idxal əməliyyatı həyata keçirməmiş idxalatçılar yüksək risk qrupuna aid edilirlər.

[1] Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarından çıxarış şəklində hazırlanmışdır.

Rauf Cəfərzadə – Turan Legal and Tax Services” MMC-nin hüquqşünası

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.