Nə qədər əmanətçinin vəsaiti tam sığortalanacaq?

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə 9 ay uzadılması haqqında qanun imzalanıb.

Bu barədə “Report”a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilir ki, dövlət başçısının bu qərarı pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlar kontekstində yenə də, ilk növbədə, ölkə əhalisinin maraqlarının təmin olunmasına və ölkədə maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlib.

Bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin məbləğindən və valyuta növündən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti bu il dekabrın 4-nə qədər uzadılıb. Belə ki, mart 4-dən Qanunun qüvvəyə minməsi tarixinədək (26 aprel 2020-ci il) yuxarıda qeyd edilmiş şərtlərlə cəlb edilmiş əmanətlər də qüvvəyə minmiş Qanunla əhatə edilir.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının dəstəklənməsinə və bank sektoruna etimadın daha da gücləndirilməsinə imkan verəcəkdir. Əmanətlərin tam sığortalanmasının davam etməsi bank sektorunda restrukturizasiyanın başa çatdırılması və beləliklə sektorun sağlamlaşdırılmasını ciddi dəstəkləməklə onun iqtisadiyyatda rolunun artmasına, biznesin və əhalinin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına təkan verəcəkdir.

Bu qərar 7,3 mlrd manat həcmində əmanətləri əhatə etməklə ümumilikdə 8,3 mln əmanətçinin (bura bir əmanətçi üzrə müxtəlif banklarda olan müddətli əmanət hesabları, habelə cari hesablar daxildir) maraqlarının qorunmasına xidmət edir.

Əvvəlki məqaləMüəllimlərlə bağlı müsahibələr onlayn keçiriləcək
Növbəti məqaləBuraxılış və qəbul imtahanları barədə rəsmi açıqlama