Əlilliyi olan şəxslərlə bağlı proqram təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilmələri, asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edir.

Sənəddə bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən cari il ərzində görüləcək tədbirlər əksini tapır. Belə ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, onların ölkə daxilində müalicə olunmalarına köməkliyin, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi və  sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi, əlillik problemi ilə bağlı informasiya təminatının, bu təbəqələrdən olan insanlara  diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması kimi tədbirlər yer alır.

Sənəddə qeyd olunan insanların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi,  onların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin (o cümlədən, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın göstərilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulub. Proqramda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkil edilməsi, onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması ilə bağlı tədbirlər də əksini tapır.

Eyni zamanda, həmin insanların yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ildə də ümumrespublika  səviyyəli  tədbirin təşkil  edilməsi planlaşdırılır. Proqrama uyğun olaraq bu il Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi də keçiriləcək.