“Magistr” və “Dövlət qulluğu” jurnalları çap olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 1-ci nömrəsini və “Dövlət qulluğu” jurnalının 3-cü nömrəsi nəşr edib.

 

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Magistr” jurnalının 1-ci sayında ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları  Azərbaycan və rus dillərində çap edilib.

Jurnalda məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri də dərc olunub.

“Dövlət qulluğu” jurnalının 3‑cü nömrəsində isə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi qaydası”, “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri”, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydaları”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test və sınaq imtahanlarında bilik sahələri üzrə istifadə olunan test tapşırıqlarının müqayisəsinə aid nümunələr” yer alıb.

Jurnalda “Dövlət qulluğunda inzibati vəzifələrin B növü (inzibati icraçı vəzifələr) üzrə 17.12.2017-ci il tarixdə keçirilmiş  test imtahanına dair statistik məlumatlar”, “Müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısı” və digər zəruri məlumatlar da dərc olunub.

Jurnalları aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə etmək mümkündür: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az