Dövlət qulluğunda inzibati rəhbər vəzifələri üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 27-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

İmtahana qeydiyyat 10-24 yanvar tarixlərində aparılıb, bu müddət ərzində 56 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlayacaq, 3 saat davam edəcək.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi”.

Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.