Testdən müvəffəqiyyət əldə etmiş şəxslərin qeydiyyatına başlanılır

İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 28 yanvarda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün yanvarın 29‑dan fevralın 9-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənəd və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə)  təqdim etməlidir.