İcbari tibbi sığorta üzrə ən çox müraciət olunan xidmətlər açıqlanıb

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən 2020-ci il ərzində 1 147 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev keçirdiyi mətbuat kpnfransında deyib.

O bildirib ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib:

“Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib.

Ən çox müraciət olunan şəhər və rayonların beşliyi: Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonları olub”.

İdarə heyətinin sədri qeyd edib ki, ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 156 586), Xaçmaz (615 557), Ağdaş (512 834), Yevlax (512 451) və Şəki (510 891) rayon Mərkəzi xəstəxanalarıdır:

“Müraciətlərin çoxu ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) (503 381), habelə qan dövranı sistemi (210 201), tənəffüs sistemi (179 376), endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları (171 622), sidik-cinsiyyət sistemi (148 907) və həzm sistemi (135 803) xəstəlikləri ilə bağlı olub”.

Əvvəlki məqaləUniversitetlərin açılacağı vaxt məlum oldu
Növbəti məqaləProkurorluq orqanlarında işləmək istəyənlər diqqətinə!