Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub

Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, regional bölmələrin, o cümlədən Bakı şəhərinin strukturu, Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi təsdiq olunma mərhələsindədir. Azərbaycan prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin struktur və maddi-texniki bazasının formalaşdırılması, laboratoriyaların təhvil-təslim işləri həyata keçirilir.

Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Təftiş və dövlət nəzarəti şöbəsi, Risklərin idarə olunması şöbəsi, Sertifikatlaşdırma və qeydiyyat şöbəsi, İnsan resursları şöbəsi, Kommunikasiya və informasiya texnologiyaları şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi, Hüquq şöbəsi fəaliyyət göstərəcək.

Qida Təhlükəsizliyi Agentliyinin qarşısına qoyduğu əsas vəzifə Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdir. Bu proses sahibkarlara ziyan vermədən, kiçik və orta sahibkarın da iştirakı ilə həyata keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyi bu prosesi mərhələli şəkildə həyata keçirməyi, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə geniş maarifləndirmə işləri görməyi planlaşdırır.

Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində göstərildiyi kimi Agentlik qida təhlükəsizliyi sertifikatı verəcək, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qeydiyyata alacaq və reyestrini aparacaq. Hazırda bu istiqamətdə Agentliyin fəaliyyətini təmin etmək məqsədi ilə qanunvericilikdə müəyyən dəyişikliklər hazırlanır və uyğunlaşmalar aparılır.