Vergi orqanlarına işə qəbul üçün tələb olunan sənədlərin siyahısı genişləndirildi

Prezident İlham Əliyev “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmana edilmiş dəyişikliklə vergi orqanlarına işə qəbul üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib.

Belə ki, bundan sonra vergi orqanlarına işə qəbul üçün aşağıdakı sənədlər tələb olunacaq:

1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;

2. Tərcümeyi-hal;

3. Kadrlar uçotunun şəxsi vərəqəsi;

4. 4×6 sm ölçüdə dörd ədəd, 9×12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;

5. Ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;

6. Əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

7. Sağlamlıq haqqında arayış;

8. Narkoloji dispanserdən müayinə aktı və arayış;

9. Məhkumluğun olmaması barədə arayış;

10. Hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).

Əvvəllər isə işə qəbul zamanı bu sənədlər təqdim etməli idilər:

1. Şəxsiyyətini təsdiq edən sənədin surəti;

2. Tərcümeyi-hal;

3. Kadrlar uçotunun şəxsi vərəqəsi;

4. 4X6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;

5. Ali təhsil alması barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti;

6. Əmək kitabçasının təsdiq olunmuş surəti;

7. Sağlamlıq haqqında arayış.

Əvvəlki məqaləƏmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb
Növbəti məqaləUşaqları qohumlarının övladlığa götürməsi proseduru asanlaşdırıldı