İmtahan verən bu şəxslərdən COVID-19 sənədi tələb olunmayacaq

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, iyunun 4-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesinə başlanılıb. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözünü yazmaqla qeydiyyatdan keçə bilərlər. Müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaq.