Məhkəmələrdə yazılı icraat qaydasında baxılacaq işlərin sayı artırıldı

İddianı təmin etmək haqqında ərizəyə, şikayətə, məhkəmə əmrinin çıxarılması və kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apelyasiya şikayətlərinə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, apelyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə də onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxacaq. Ancaq məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər.

Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərlə bərabər məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılacaq.

Kassasiya şikayətinə baxılması müddəti və qaydası də bu baxımdan dəyişir. Hazırda qanunda başqa müddət müəyyən edilməyibsə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş kassasiya şikayətinə onun daxil olduğu gündən 2 ay müddətində baxılır. Layihəyə əsasən, Ali Məhkəmənin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılacaq. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edəcək və bu barədə işdə iştirak edən şəxslərə məlumat verəcək. Kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə əsaslandırılmış vəsatət kassasiya şikayəti, yaxud işdə iştirak edən şəxsin kassasiya şikayəti ilə bağlı etiraz və ya izahatı ilə birlikdə verilə bilər.

Yazılı icraat kassasiya qərarlarına yenidən baxılmasına şamil olunacaq. Başqa sözlə, Ali Məhkəmənin Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Ali Məhkəmənin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Təklifə əsasən, Ali Məhkəmənin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxacaq.

Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə plenum da məhkəmə iclasında deyil, yazılı icraat qaydasında hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxır.

Hazırda ərizəyə ilkin olaraq Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi baxır. Bu halda da məhkəmə tərkibinin ərizəyə ilkin olaraq yazılı icraat qaydasında baxması təklif edilir.

Qanun qəbul ediləcəyi təqdirdə 2021-ci il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki məqaləMediasiya prosesinə dair tələblər dəyişib
Növbəti məqaləMediatorlar üçün sosial və vergi ödənişləri müəyyənləşib