Ali Məhkəmədə icraat qaydası dəyişdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq.

Eyni zamanda, məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vacibliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edəcək və bu barədə proses iştirakçılarına məlumat veriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

İnzibati Prosessual Məcəlləyə edilən digər dəyişikliyə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə biləcək.

Növbəti dəyişiklik məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. İnzibati Prosessual Məcəlləyə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

Edilən dəyişikliyə əsasən isə müəyyən edilmiş bu aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunacaq.

Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minəcək.

Əvvəlki məqaləAli təhsil üzrə yeni layihələr planlaşdırılır
Növbəti məqaləMəhkəmə aparatı işçiləri ilə bağlı yeni qayda hazırlanacaq