DYP və DANX qeyri-qanuni daşımalara qarşı tədbirlərə başlayıb

Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşları birgə tədbirlərə başlayıb.

DYP-dən APA-ya verilən məlumata görə, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Aeroport yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 99 DH 343 dövlət nömrə nişanlı, “Mercedes” markalı yük avtomobilinin 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılması nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Qəzayla bağlı cinayət işi başlanıb.

Yük avtomobilinin sürücüsü, Qobustan sakini, 12.04.2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu qəza ilə əlaqədar şübhəli şəxs qismində tutulub.

DANX yük avtomobilinin sürücüsünün heç bir qanuni əsas olmadan fəaliyyət göstərdiyini açıqlayıb.

Əvvəlki məqaləDaşınmaz əmlakla bağlı bu məsələdə dövlət rüsumu tutulmayacaq
Növbəti məqaləBu mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur