Övladını uşaq evinə qoymaq istəyənlərin qiymətləndirilməsi aparılacaq

“Himayədar ailə” modeli çərçivəsində vətəndaşlar uşağı daimi yox, müqavilə əsasında qısa müddətdə himayəyə götürəcəklər.

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev “Sosial saat”da deyib.

O bildirib ki, bu zaman ailə ilə uşaq arasında hər hansısa bağ olmayacaq:

“2022-ci ilin 1 noyabrından övladını uşaq qayğı müəssisəsələrinə yerləşdirmək istəyən hər bir şəxsin fərdi qiymətləndirilməsi aparılacaq. İlkin qiymətləndirmə zamanı zərrə qədər uşağın ailədə saxlanılması üçün şans olduğunu görsək, uşaq ailəsində saxlanılacaq. Bu, 2023-cü ildə dövlət uşaq müəssisələrinə gələn uşaqların sayında azalmaya gətirib çıxaracaq. Lakin uşağın ailədə qalmasının mümkün olmadığı müəyyən edilsə, onlar ən yaxşı qayğı növünə yönləndiriləcək. Bugünkü gündə də ən yaxşı qayğı növü “himayədar ailə” qayğı növüdür. Həmin ailələrə dövlət tərəfindən də dəstək veriləcək”.