Yeni yaradılan mərkəzin idarəetmə orqanları müəyyənləşdi

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi öz fəaliyyətində və idarəetməsində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən mərkəzin nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə əsasən, mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. Müşahidə Şurası ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura sədr də daxil olmaqla 5 üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri (sədr olmaqla), Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru, Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri və Milli Məclis Aparatının rəhbəri daxildir. İcraçı direktor isə mərkəzin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İcraçı direktor Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Xatırladaq ki, Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb və Mərkəzin Nizamnaməsi təsdiq edilib. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.