Borc müqaviləsi ilə bağlı normalar təkmilləşdirilir

Azərbaycanda borc verilməsinə dair əqd onun məzmununu dəyişməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda yazılı formaya riayət edilmiş hesab ediləcək və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş sayılacaq.

“Report” xəbər verir ki, bu Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

Qanun layihəsi mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların (istehlak kreditinə münasibətdə isə istehlakçıların) hüquqlarının qorunmasının təmin edilməsi, habelə məcəllənin əqdlərlə (müqavilələrlə) və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.