“Tibbi optika haqqında” qanun layihəsi müzakirə olunub

Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında “Tibbi optika haqqında” qanun layihəsinin dinləməsi keçirilib. APA-nın məlumatına görə, komitə sədri Əhliman Əmiraslanov bildirib ki, qanun layihəsi Azərbaycanda optika mağazasının fəaliyyəti ilə bağlı tələbləri müəyyənləşdirir.

Onun sözlərinə görə, qanun layihəsinin 8-ci (Optika mağazası) maddəsinə əsasən, optika mağazaları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılır. Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir: “Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir. Optika mağazasının açılmasına rəyin əsas məqsədi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən tələblərə uyğunluğunu müəyyən etməkdir”.

10 maddən ibarət qanun layihəsində bildirilir ki, optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər.

Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir.

Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilər. Optika məhsullarının satışı pasiyentin sifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir.

Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır. Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.

Layihənin MM-in payız sessiyasında təkrarən komitədə müzakirəyə çıxarılacağı bildirilib.