Pambıqçılar arasında növbəti kütləvi zəhərlənmə

Bu gün İmişli rayonunda növbəti dəfə pambıq sahəsində işçilərin kütləvi zəhərlənməsi faktı qeydə alınıb. Rayon prokurorluğundan bu məlumatı Turan-a təsdiq ediblər.

Mənbənin məlumatına görə, pambıqçılar kütləvi şəkildə zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılır. Onların sayı dəqiqləşdirilir.

Amma Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İmişlidə xəstəxanaya müraciətlər yüngül baş ağrıları və ürəkbulanma şikayətləri ilə bağlıdır. Xəstələrdən sidik və qan analizi götürülür, bu analizlər laboratoriya araşdırmaları üçün Bakıya göndəriləcək. Dəqiq səbəbləri analizlərin yekunlarına görə demək olar.

Qeyd edək ki, iki gün əvvəl – iyunun 17-də Tərtər rayonunda pambıq sahəsində işləyən 14 nəfər zəhərlənmə şikayətləri ilə xəstəxanaya müraciət edib. Bundan əvvəl, Saatlıda pambıq sahəsində 21 nəfər zəhərlənib.

Hakimiyyət hələ də bu zəhərlənmələrin səbəbini izah etməyib.