Aqrobizneslərə dəstək üçün biznes inkubatorlar yaradılır

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihəyə başlayıb. Kəndlərdə aqrobizneslərə dəstək üçün biznes inkubatorlar yaradılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 19-da biznes inkubatorlarının fəaliyyətə başlaması və İcma Biznes Təbliğatçıları və Qadın İnkişaf Qrupu Müəssisələrinə sertifikatların təqdimatı mərasimində Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

Xidmət rəisi qeyd edib ki, layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır.

Artıq bu layihə çərçivəsində, pilot olaraq, 5 rayonda – Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakəndə 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib.