Şəraitin önəmli dəyişməsi (I yazı)

Hüquqşünas
Ənnağı Hacıbəyli – hüquqşünas

Qeyd: bu yazı Konstitusiya Məhkəməsinin (KM) qərarının tam mətni elan olunandan öncə hazırlanıb. Qərarın arqumentləri barədə növbəti yazıda.

Devalvasiya.

2015-ci il fevralın 21-də və dekabrın 21-də (?!) törədilmiş devalvasiya banklardan kredit götürmüş on minlərlə adamın müflis olmasına səbəb oldu. 78,5 qəpikdən 1,70-ə endirilmiş manat dollar qarşısında danışıqsız təslim oldu. Sabitlik, güclü milli valyuta, regionun lider dövləti, güclü iqtisadiyyat və başqa nağıllar bitdi. Oliqarxiya hakimiyyəti banklarını yüzlərlə intiharçıya köpük qusdurmaq hesabına olsa da, xilas elədi.

İcra hakimiyyətinin danışıqsız quluna çevrilmiş məhkəmə hakimiyyəti Konstitusiya Məhkəməsinin (KM) bəlli qərarından sonra kredit alanlar üçün bu qəraradək ertələnmiş ölüm hökmlərinin kütləvi istehsalına başladı. İntiharlar yenidən aktuallaşdı.

Buna baxmayaraq, hətta məhkum-hakimlər də anlamağa başladılar ki, belə davam edə bilməz. Hər gün məhkəmə zallarında eşitdikləri söyüş-qarğışlar onları məcbur elədi ki, KM-ə müraciət edərək bu rəzalətin, qansızlığın davamına son qoysunlar. “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” çöpündən yapışaraq batan kütləni xilas etmək üçün KM-ə üz tutan məhkəmələr son imkandan yararlanmaqla əhalinin qalan hissəsini bu ağır bataqlıqdan xilas edəcəyinə ümid edirdi – axı “ali konstitusiya ədalət mühakiməsi orqanı” başqa cür qərar qəbul edə bilməzdi!

Bu avantürist cəhdin müəllifləri xırda bir nüansı unutmuşdular – KM oliqarxiya hakimiyyətinin buyruğundan kənara çıxa bilməzdi. Hüquq qanunlarından fərqli olaraq, iqtisadi qanunlar pozulmazdır, bank sektoru hakimiyyətin qan-damar sistemidir və kimsənin bu sistemin qida mənbələrinə toxunmaq ixtiyarı yoxdur. Ölkədəki sabitlik şəraitin hər hansı dəyişikliyini istisna edir. KM istəsə də dəmir sabitliyin dəyişdiyini iddia edə bilməz.

Belə də oldu – KM təntənəli şəkildə bəyan etdi ki, yetmişdən bir yetmişə qədər qalxaraq, daha doğrusu enərək deqradasiya həddinə çatmış manat üçün heç bir şərait dəyişməyib. Nəinki savadlı iş adamları, hətta yüksək iqtisadi, hüquqi, astronomik biliyi olan öncəgörən xalqımız qabaqcadan hiss eləməli idi ki, havada devalvasiya qoxusu var. Havadan aşk qoxusunu göydə tutan millət üçün bu duyğu çətin olmamalı idi…

Hüquqda və məhkəmədəki şərait

Məzələnmək vaxtı deyil, ona görə bir az da hüquqdan danışaq.

Bu dərəcədə sabit, dəyişməz şəraitdə hüquqdan danışmaq kredit qurbanlarına qarşı sadizm təsiri bağışlasa da, başqa əlacımız da yoxdur – bu zülmkarlığın günahkarı mən deyiləm və bəzən bədbəxtliyə düçar olmuş insanlar bundan da təsəlli tapa bilirlər.

Mülki Məcəllənin (MM) 422-ci maddəsi şəraitin önəmli dəyişməsi ilə bağlı müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinə həsr olunub. 422.1-ci maddədə deyilir: “Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”.

Məncə qanunverici nəinki KM-in hakimlərinə, hətta orta təhsilli vətəndaşa da çatımlı formada deyir: adam bilsə ki, 78 qəpiklə kredit götürüb onu 1.70-lə qaytaracaq, heç bir axmaq buna getməz. İkinci, belə hal baş verərsə, tərəflər arasında bağlanmış müqavilənin bağlanma şəraiti ilə icra şəraiti önəmli dərəcədə dəyişdiyindən onlar qarşılıqlı razılıqla, bu mümkün olmazsa, məhkəmə qərarı ilə müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilir. Müqavilə ləğv edilərsə, tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə ləğv edildikdə onun icrası ilə bağlı çəkilmiş xərclər tərəflər arasında ədalətli qaydada bölüşdürülür və məhkəmə qərarı ilə müqavilənin ləğvinin nəticələri müəyyənləşdirilir.

Məsələ bu qədər bəsit.

Şəraitə şər atanlar

KM-in arqumentləri bəlli olmadığından onlarla mübahisəni sonraya saxlayaq. Hələlik bu bədnam “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” barədə bir az danışaq.

Mülki hüquqda belə ifadələr “qiymətləndirici anlayışlar” adlanır. Konkret işlərə baxılarkən, məhkəmə təcrübəsi ümumiləşdirilərkən və qanunlara təfsir verilərkən bu anlayışların mahiyyətinə aydınlıq gətirilir. Hakim hüququnun bərbad durumda olduğu məhkəmə praktikasında hakimlər adətən belə ifadələrə anlayış verməkdən, onları tətbiq edərkən bu anlayışları açmaqdan çəkinirlər. Lakin qanunvericilikdə, özəlliklə mülki qanunvericilikdə “ağlabatan müddət”, “ağlabatan qiymət”, “ağlabatan tədbir”, “ağlabatan hərəkətlər”, “adi”, “vicdanlı/vicdansız”, “ədalətli/ədalətsiz”, “üzürlü/üzürsüz”, “dərhal”, “zəruri”, “mühüm” və başqa yetərincə abstrakt, işləndiyi yerdən asılı olaraq çeşidli məzmun daşıyan söz və ifadələrsiz keçinmək mümkünsüzdür. Ona görə də mülki dövriyyənin iştirakçıları, məhkəmə istər-istəməz bu anlayışlarla qarşılaşırlar və onlara konkret məzmun verməyə məcburdurlar.

Kredit müqavilələri ilə işləyərkən dəfələrlə müqavilələrdə şəraitin önəmli dərəcədə dəyişməsinin nəzərdə tutulduğunun şahidi olmuşam. Bir halda onun MM-in 422-ci maddəsinə uyğun olaraq müqavilənin dəyişdirilməsi və ya ləğvinə əsas verən hal, başqa halda isə hətta fors-major sayılmasının şahidi olmuşam. Özü də banklar onu yalnız özləri üçün belə hal sayır, müqavilənin qarşı tərəfi üçün daha sərt qaydalar müəyyən edirlər. Bank diktatı və ədalət məhkəməsinin olmadığı şəraitdə isə müqavilənin zəif tərəfinin – kredit götürənin bununla mübarizə aparmaq imkanı olmur.

Şəraitin önəmli dəyişməsi fors-mayor hallarından fərqlənir.
Şəraitin önəmli dəyişməsi, birinci, müqavilə bağlayarkən tərəflərin əsas götürdükləri şəraitdən əsaslı şəkildə fərqlənən şərtlərin yaranmasıdır. İkinci, o, yeni müqavilə situasiyası yaradır – tərəflər bu dəyişməni ağlabatan şəkildə qabaqcadan görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Üçüncü, o, obyektiv-subyektiv kateqoriyadır – onun yaranması tərəflərin iradəsindən asılı deyil, lakin tərəflər müqavilə bağlayıb-bağlamamaq barədə qərar qəbul edə bilərlər. Sadəcə onu qabaqcadan görmək imkanı real olmalıdır.

Fors-major adətən təbiət hadisələrinin baş verməsini – zəlzələ, daşqın, qasırğa, tufan, qar uçqunları və s. əhatə edir. Lakin ictimai hadisələr də – hərbi əməliyyatlar, tətillər, uzun müddətli kütləvi tədbirlər, səlahiyyətli hakimiyyət orqanlarının qərarları (məsələn, moratorium elan edilməsi) fors-major halı sayıla bilər. Fors-major hallar fövqəladə və qarşısıalınmaz hallardır. Ona görə də fors-major halında məsuliyyət daşıyan şəxsin hərəkətlərində nəinki təqsir olmur, hətta onun hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqə də yoxdur. Nəticədə şəxsin məsuliyyəti də istisna olunur.

Şəraitin önəmli dəyişməsi fors-major halları ilə bağlı olmaya da bilər. Devalvasiya hökumət qərarı ilə, qabaqcadan xəbər verilmədən, iqtisadi və valyuta sabitliyi təbliğatı şəraitində baş verdiyindən onun adi vətəndaş üçün qabaqcadan görülməsinin mümkün olduğunu iddia etmək əsassızdır. Üstəlik, kredit müqavilələrinin bağlanma vaxtı da bu zaman çox önəmlidir – xeyli sayda müqavilə devalvasiyanın proqnozlaşdırılmasının mümkünlüyündən çox qabaq bağlanıb və onun tərəfləri şəraitin bu dərəcədə dəyişəcəyini öncədən görə bilməzdilər. Özəlliklə manatın üzən məzənnə rejiminə keçməsindən öncə bağlanmış müqavilələrlə sonradan bağlanmış müqavilələr, iqtisadi və valyuta sabitliyi şəraitində bağlanmış müqavilələrlə inflyasiya şəraitində bağlanmış müqavilələr fərqləndirilməlidir və onların hər ikisinə eyni arşınla yanaşılması düzgün deyil. Nəhayət, fors-major məsuliyyəti istisna edən hal, şəraitin önəmli dəyişməsi isə müqavilənin dəyişdirilməsi və ya ləğvinin əsası sayılır. Fors-majorla şəraitin önəmli dəyişməsi halı arasında mühüm fərq öhdəliyin icrasının mümkünsüzlüyü ilə onun icrasının çətinləşməsidir. Birinci hal hər bir halda mümkünsüzlük yaradırsa, ikinci hal həm mümkünsüzlük, həm də (adətən) çətinlik yaradır. Şəraitin önəmli dəyişməsi ilə fors-major halları arasında fərq odur ki, şəraitin önəmli dəyişməsi fors-majorla müqavilənin normal icrası şəriti arasında bir növ aralıq vəziyyətdir.

Dünya və biz

Çeşidli ölkələrdə pulun kəskin şəkildə dəyərdən düşməsinin şəraitin önəmli dəyişməsi sayılıb-sayılmamasına münasibət birmənalı deyil. Alman məhkəmələri hesab edir ki, şəraitin önəmli dəyişməsi nəticəsində müqavilənin əsasının itməsi tərəflərin öhdəliklərinin ekvivalentliyinin pozulmasına və müqavilənin məqsədinə nail olunmasının mümkünsüzlüyünə səbəb olur. Pulun kəskin şəkildə dəyərdən düşməsi, bazar konyukturasının mühüm dəyişməsi nəticəsində borclu tərəfin vəzifəsinin icrasında ciddi çətinliklər yaranması, yeni vergilərin və ya vergi dərəcələrinin, gömrük rüsumlarının tətbiq edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmanın məhdudlaşdırılması və s. ekvivalentliyin önəmli dərəcədə pozulmasının səbəbləri sırasındadır.

Bütövlükdə valyuta kurslarının dəyişməsini proqnozlaşdırmaq mümkündür. Lakin əksər ölkələrin praktikasında kəskin inflyasiya halları şəraitin önəmli dəyişməsi sayılır.

KM-in arqumentləri ilə mübahisə etmək haqqımı saxlayaraq ilkin olaraq deyim ki, bu qərar qanunvericiliyə uyğun qərar deyil. KM öz nüfuzuna daha bir ağır zərbə vuran qərara imza atdı. Bir sözlə, bu qərar ədalət mühakiməsinin, ali konstitusiya icraatının qərarı deyil. Bu qərar siyasi qərardır və bank sahiblərinin – siyasi hakimiyyətlə çulğaşmış qüvvələrin sifarişi ilə qəbul edilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan, borclulara iflas hökmü verən verdiktdir.

Yazı müəllifin facebook səhifəsindən götürülüb.