Sığorta sığorta ödənişi ilə bağlı təkliflər hazırlanır

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Hüquq komitəsinin görüşü keçirilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, görüşdə Komitənin sədri – “Atəşgah Sığorta” ASC-nin təmsilçisi Səbuhi Mikayılov və komitə üzvləri “AzRe Təkrarsığorta” ASC-dən Gündüz Məmmədli, “Qala Həyat Sığorta” ASC-dən Süleyman Zeynallı, “Meqa Sığorta” ASC-dən Hamlet Qarayev, “PAŞA Sığorta” ASC-dən Rübabə Qafarova, “PAŞA Həyat Sığorta” ASC-dən Səbuhi Göyüşov, “Azsığorta” ASC-dən Pərvin Quliyeva, “Xalq Sığorta” ASC-dən Emin Abdullayev, “Atasığorta” ASC-dən Şəhriyar Əlizadə, həmçinin İctimai Birliyin əməkdaşları iştirak edib.

Görüşdə “Sığorta hadisəsi zamanı ödənilməmiş hissəvi sığorta haqqının sığorta ödənişindən tutulması” və “Sığorta marağı ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş dairənin genişləndirilməsi” mövzuları müzakirə edilib. Müzakirə zamanı komitə üzvləri qeyd olunan mövzularla bağlı təcrübədə rast gəldikləri hallar barədə fikir mübadiləsi edib, bununla bağlı təcrübələrini bölüşüb və qarşılaşdıqları ziddiyyətli hallara dair təkliflər irəli sürüblər.

Görüşün yekununda komitə üzvləri “Sığorta hadisəsi zamanı ödənilməmiş hissəvi sığorta haqqının sığorta ödənişindən tutulması” mövzusuna dair təkliflərin hazırlanıb ilkin növbədə müzakirə edilməsini, daha sonra isə müvafiq quruma göndərilməsini qərara alıb.

Xatırladaq ki, Hüquq komitəsi sığorta bazarında mövcud problemlərin həllində və ziddiyyətli məsələlərin hüquqi baxımdan tənzimlənməsi platforması kimi çıxış edir.