Kreditləri bağışlamaq: təcrübə və mexanizmlər

Hökumətlərin çətinə düşəndə müraciət etdiyi mövzudur. İctimai dividend qazanmaq və sosial səhman yaratmaq yolunda atılan addımlardan sayılır. Ağır xərcləri olur. Lakin dövlət bununla vəətndaşların yanında olduğunun mesajını verir. Keçid dövrlərinə daha çox xas və sistem transformasiyasında istifadə olunan alətlərdəndir.

Gürcüstan müstəqil bir dövlət olaraq postsovet məkanında mütərəqqi və yenilikçi addımları ilə hər zaman seçilən dövlət saymaq olar. İctimai təşəbbüsləri dəstəkləyən, real məzmunlu islahatları ilə örnək ölkə və avtoatlantik məkana inteqrasiyada sürətlə yol qət etmiş bir dövlət obrazı kimi göz önünə gəlir. Bu da növbəti uğurlu addım.

Gürcüsatanın baş naziri Mamuka Baxtadze elan etdi ki, dekabr ayı ərzində 600 min vətəndaşının kredit öhdəliklərinin bağlanması haqqında qərarın icrasına başlanılacaq. Söhbət banklar, bank olmayan kredit təşkilatları qarşısında vətəndaşların maliyyə öhdəliklərinin icrasından gedir. Bu məqsədlə həyata keçiriləcək borc öhdəlikləri 500 milyon lari təşkil edir. Məhz bu qərarla vətəndaşların bu borcları sıfırlanacaq. Ümumiyyətlə, bu bir addım olaraq dövlətin sosial məqsədlərə nail olunmasına nə qədər önəm verdiyini söyləməyə imkan verir.

Azərbaycanda kreditləri bağışlamaq olarmı?

Yəqin ki, Azərbaycan vətəndaşlarını təəcübləndirən “bəs o dəvədən bizdə niyə yoxdur?” sualıdır. Burada iki yanaşmanı biri-birindən ayırmalıyıq. Birincisi, bazar iqtisadiyyatında hər bir mal və xidmətlərin mütləq mənada qarşılığı olma prinspini unutmamalıyıq. Özəl sektordan hansı mal və xidmət alırsansa, onun qarşılıq olaraq ekvivalenti ödənməlidir. Satın almısansa və xidmətindən yararlanmısansa ödəməlisən. İkincisi, alış və ya satış bazarında dövlətin makroiqtisadi konteksdə neqativ təsirləndirməsi varsa, bu zaman dövlət həmin ziyanların qarşılanmasında vətəndaşın yükünün altına özünün böyük çiyinlərini verməlidir. Sosial dövlət modeli həm də məhz bunu nəzərdə tutur. Sabit rejimi poza biləcək addımlar dövlət tərəfindən atılıbsa və ya dövlət susqunluğu ilə buna rəvac veribsə, bu zaman onun qarşılanmasında suç payı var. Onu aradan qaldırılmasında resurslarını sərf etməlidir. Azərbaycanda 2015-ci ildəki devalvasiyada dövlətin – Mərkəzi Bankın qərarı qeyri-müəyyənliyi doğurdu.

Kreditlərin silinməsi təcrübəsi Azərbaycanda olmasa da, lakin digər borcların silinməsi təcrübəsi var. Elektrik borclarının silinməsi kimi bir simvolik öhdəlikləri dövlətin üzərinə götürdüyü zamanlar olub. Xidmətlərin və ya məhsulların bağışlanılması təcrübəsi presedent yaratmamaqla xoş niyyətdən xəbər verir. Bir şeyi qəbul etməliyik ki, vətəndaşlarımızın kredit öhdəliklərinin icrasının pisləşməsi təkcə onların maliyyə idarəçiliyi ilə bağlı yalnış qərar və davranışlarından qaynaqlanmayıb, həm də buna Mərkəzi Bankın milli valyuta ilə qərarları rəvac verib. Bu zaman riskləri bölüşmək doğrusu deyilmi? Dövlət bu zaman özünün sosial funksiyalarını işə salmalı və valideyn vəzifəsini ləyaqətlə yerinə yetirməyi bacarmalıdır.

Beynəlxalq Bankın resurslarının səmərəsiz xərclənməsi sonda dövlət büdcəsi hesabına onun borclarının mərhələli silinməsi siyasəti hesabına təmin olunma kursu götürüldü. Beynəlxalq Bankın 11,5 mlrd. dollarlıq öhdəliklərinin altına çiyin verən dövlət gərək vətəndaşların da maliyyə sıxıntılarına yardımçı olsun.

Bankların sağlaşdırılması və qidalandırılması

ABŞ-da ipoteka sferasından (2008) başlamış böhranın startı bank sektoruna çatanda böhran daha da dərinləşməyə başladı. Çünki, banklar sağlamlaşmayanda və toksid kreditlərin qarşısı alınmayanda bu sektorun iqtisadiyyata mənfi siqnalları artmağa başlayır. Və sonda bu iqtisadiyyatın sektorlararası təsirlərində bir gərginliyin müşahidə olunması ilə səciyyələnir.

Əslində bu borcların silinməsi bank sektorunu dövlət resursları hesabına qidalanmasına yardım etmiş olar. Banklar satdıqları məhsulların geriyə dönüşünü təmin edə bilməyəndə kreditin dövrüliyi kəsilir və bank sektoru real sektoru qidalandıra bilmir. Kreditlər isə iqtisadiyyatın xidmətinə təklif edilmədikcə və ya bu təklif diapazonu daraldıqca bu iqtisadi artımı da azaltmış olur. Ona görə, indiki halda kreditlərin bağışlanılmasının 2 benefisiti var: banklar və vətəndaşlar.

Banklar satdıqları resursları geriyə dönüşünü təmin etməklə bank fəaliyyətini daha da yaxşılaşdıra bilərlər. Bu isə iqtisadiyyatın “qan dövranını” təmin edilməsinə yardımçı olur.

Banklar problemli kreditləri nəinki öz imkanları hesabına yığa bilmir, hətta bu prosesə kollektor şirkətləri də qoşur. Kollektor şirkətlər isə bu prosesi az qala hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir ki, bu da vətəndaşların müflisləşməsinə və hətta yaşadıqları mənzillərin itirlməsi hesabına əldə edilir. Bu isə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, vətəndaşların sosial vəziyyətini pisləşməsi deməkdir.Yoxsul vətəndaş təkcə təminatsız insan deyildir, həm də sosial təhlükə mənbəyidir.

Mexanizmlər və prioritetlər

Kreditlərin bağışlanması dedikdə, sadəcə bankların müştərilərin borclarını silməsi kimi başa düşülməməlidir. Əvvəla, bizdə bank sektoru güclü deyil. Kapitalizasiya problemlərindən başlamış institsional tərəflərinə qədər çoxlu daxili problemləri var. Ona görə, bu borcları dövlətin qərarı ilə banklar tərəfindən bağışlanılması kimi anlamaq doğru olmazdı. Dövlətin belə bir qərarı olarsa, həmin vəsaitlər dövlət büdcəsi və büdcədənkənar fondlar tərəfindən həmin bankların hesabına köçürülməsi, banların isə vətəndaşların həmin borclar üçün sərf edilməsi kimi sxem üzrə baş verə bilər. Çünki, hələ bizdə oturuşmamış bank sektoru özünün satdığı məhsulların qarşılığın əldə etməlidir. Çünki, bazar iqtisadiyyatında satılan mal və xidmətlərin mütləq mənada qarşılığı olmalıdır. Əgər bu prinsip pozularsa, o zaman sosializmə qayıdışdan söhbət getməlidir. İqtisadi sistemin transformasiya baş verər. Ən yaxşı halda qarışıq iqtisadi sistem formalaşmış olar.

Kreditləri bağışlama 2 fazaya da bölünə bilər. Birincisi, dövlətin maliyyə resursları vətəndaşların borcunu ödəməklə sıxıntı yaşamırsa, bütün borcları bağışlamaq haqqında qərar verir. İkincisi, məhdudlaşdırıcı bağışlanma aktı imzalayarsa, bu zaman bağışlanma o sosial qruplara şamil olunur ki, onların ödəmə qabiliyyəti ümumiyyətlə mümkün deyil. Bura isə heç olmasa problemli kredit qrupunda cəmlənənlərə aid edilə bilər. Azərbaycanda təxminən 1 milyon nəfərin problemli kreditlərinin olduğunu nəzərə alsaq, bağışlanılma aktı bu qrup üzrə yer alan insanlara şamil oluna bilər.

Başqa bir mexanizm isə daha həssas sosial qruplara aid edilə bilər. Bu zaman əsas mərhələ üçün 3 sosial qrupları əsas götürmək olar: işsiz vətəndaşlar, müəllimlər və həkimlər.

Başqa bir mexanizmdən də istifadə oluna bilər. Bu dollarla kredit götürənlərə, heç olmasa 10 min dollara qədər kredit borcu olanlar üçün bağışlanılma aktı qəbul oluna bilər.

Mən təklif edirəm ki, neftin büdcədə götürüldüyü əsas qiymət həddindən yüksək satış qalığı kredit borclarının bağışlanılması üçün start vəsait kimi istifadə olunsun. Bu zaman dövlət mövcud olan rezervlərindən istifadə olunmadan sosial layihəni reallaşdırmış olur. Bunu 2 aspektdən qiymətləndirmək mümkündür: (ı) dövlət qazanmalı olduğu neft gəlirdən vətəndaşların xeyrinə imtina edir, (ıı) resursla zəngin ölkələrin təcrübəsindən istifadə edərək vətəndaşların neft gəlirlərindən birbaşa faydalanmaq fürsəti tanıtmış olur.

Gözləntilərim

Xaraktercə pessimist insan deyiləm. Amma yalançı ümidlərlə yaşamğında tərəfdarı olmadığım üçün realist qərarların tərəfdarı olmaq üçün yaxın keçmişə boylanmağı çox faydalı sayıram.

Ona görə, Azərbaycan vətəndaşların kreditlərinin bağışlanılmasından müsbət gözləntim yoxdur ki, biz bir dövlət olaraq analoji olaraq ölkədəki vətəndaşlarımızla bağlı bu tip sosial layihələr həyata keçirməmişik. Düzdür, dünya vətəndaşlarımızı xaricdən güclü görünməsi üçün Avrovision, idman oyunlarI, musiqi festifalları həyata keçiririk. Lakin insanların həyatlarını yaxşılaşdıran sosial-iqtisadi proqramlar da çox da maraqlı deyilik.

Əgər ondan az məbləğdə və özündə müqəddəslik mahiyyətini ifadə edən öhdəliklər icra olunmayıbsa, o zaman ondan daha böyük həcmdə maliyyə tələb edən və bir o qədər də onlarla müqayisədə çox da böyük humanizm nümunəsi sayılmayacaq qərarların qəbuluna inana bilmirəm. Sovet dövründə banklarda batmış əmanətlərini Azərbaycanda 20 il sonra verildi. Qarabağ müharibəsində, əsasən 1991-1994-cü illərdə şəhid olmuş ailələrin birdəfəlik müavinətlər (hər bir ailə üçün 11 min manat) hələ də verilməyib. Bütün bunlarla müqayisədə çoxda ictimai cavabdehlik daşımayan vətəndaşların kreditlərinin bağışlanılması mənə inandırıcı görünmür.

Azərbaycanda dövlət devalvasiya nəticəsində krediti dollarla götürən vətəndaşların vəziyyətin pisləşməsinə yol açıbsa, onun aradan qaldıırlması üçün özünün imkanların istifadə etməlidir. Buna indiki halda Azərbaycanın maliyyə imkanları tamamilə cavab verir.

Məhəmməd Talıblı, Turan İnformasiya Agentliyi