Avropa Məhkəməsi İlkin Rüstəmzadə ilə bağlı qərar verdi

”Azərbaycan hökuməti kompensasiya verməlidir”

Avropa İnsan Hüqüqları Məhkəməsi martın 7-də 2013-cü ildə 8 il azadlıqdan məhrum edilən İlkin Rüstəmzadə haqda qərarını elan edib.

Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

Vəkil bildirib ki, məhkəmə 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayət üzrə qərarını elan edib:

“Məhkəmə hesab edib ki, İlkin Rüstəmzadənin həbsi üçün əsaslı şübhə mövcud olmayıb. Konvensiyanın 5.1-ci maddəsinin pozuntusu tanınıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə 2 min 500 avro kompensasiya müəyyən edilib”.

“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə (hazırda NİDA-nın üzvüdür) 2013-cü ilin 17 mayında həbs olunub.

İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), sonradan isə 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi irəli sürülüb.

Məhkəmə onu ictimai qaydanı pozmaqda və kütləvi iğtişaşlarda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternational” İlkin Rüstəmzadənin vicdan məhbusu sayır.

Meydan TV