Sənədlərini itirənlərin diqqətinə!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 2 ildir sənədini itirənləri sevindirir.

MMC-dən Trend-ə verilən məlumata görə, “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Bu günə qədər “Azərpoçt”un filial və şöbələrində 1224 sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 392, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 819-dur. Hazırda poçt filialları və şöbələrində 13 sənəd sahibini gözləyir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.

Sənədini itirən şəxs “Poçtap” xidmətinin www.pochtap.az internet səhifəsindən, “169” saylı çağrı mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb tapılmamasını öyrənə, tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.