Əllik dərəcəsi necə müəyyən edilir?

Əlilliyin qiymətləndirilməsi xidmətini həyata keçirən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətidir (bundan sonra TSEK).

Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır.

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında əlilliyin müəyyən olunması meyarları (I, II, III qrup əlillik üçün xəstəliklərin siyahısı) verilib. Bu siyahıda qeyd edilən xəstəliklər olduqda dövlət səhiyyə müəssisəsi şəxs barəsində TSEK-ə göndəriş verir.

Müvafiq müalicə-profilaktika müəssisələrindən göndəriş daxil olduğu halda şəxs (pasport və ya onu əvəz edən digər sənəd təqdim etməklə) pasport qeydiyyatında olduğu (yaxud faktiki yaşadığı) rayona (şəhərə) xidmət edən TSEK tərəfindən müayinə olunur. Stasionar müalicədə olan şəxslər həmin müəssisənin yerləşdiyi rayona (şəhərə) xidmət edən TSEK tərəfindən müayinədən keçirilirlər. Həkim-məsləhət komissiyasının rəyinə görə xəstənin TSEK-ə gəlməsi mümkün olmadığı hallarda, müayinə evdə və ya vətəndaşın müalicə olunduğu xəstəxanada aparılır.

Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir.

Hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir.

Göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.
Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (bundan sonra – TSERAS) ötürülür.

TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.

Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir

TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma 3 formada ola bilər:

• Çağrı Mərkəzi

• Şəxsi kabinet vasitəsilə məlumatlandırma

• SMS məlumatlandırma

Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxslər peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş işəgötürənin yazılı sorğusu ilə birlikdə bədbəxt hadisənin baş verməsini təsdiq edən aktı və yaxud məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi təqdim edirlər.

Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Əlillik dərəcəsi və onun təyin olunma tarixi xəstəlik vərəqəsində qeyd edilir.

Əlilliyin müəyyən edilməsi xidməti 2 formada həyata keçirilir:

• Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;

• Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb oluna biləcək sənədlər və onların təqdimedilmə forması:

• Məhkəmənin qərarı – Kağız daşıyıcıda;

• Səhiyyə idarələrinin göndərişi – Elektron formada;

• Yaxud sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd – Kağız daşıyıcıda;

• İstehsalat zədəsi və ya peşə xəstəliklərinə görə ilkin müayinə olunan şəxslər peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş təşkilatın yazılı sorğusunu bədbəxt hadisənin baş verməsini təsdiq edən akt – Kağız daşıyıcıda;

Əlilliyin müəyyən edilməsi xidməti zamanı heç bir dövlət rüsumu, ödəniş və xidmət haqqı nəzərdə tutulmur. Əlilliyin müəyyən edilməsi xidmətinə görə elektron müraciət üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://www.e-gov.az/az/services/read/3481/0

https://www.e-gov.az/az/services/read/3493/0

Hazırladı: Sevinc Quliyeva

Oxunub: 2822