Ombudsman hansı problemləri həll edə bilər?

İnsan hüquqları üzrə Müvəkkili (Ombudsamn) vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və qanunvericilklə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir.

Ombudsman səlahiyyətləri aşağıda göstərilən sahələri əhatə edir:

– “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

– İnformasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

– Fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

– Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

– Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil.

– Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verə bilər.

– Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər.

– Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

İnsan hüquqlarının pozulmasına dair Ombudsmana şikayətlərin verilməsi qaydası

Ombudsman Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.

Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.

Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.

Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Ombudsmana göndərilməlidir.

İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu aşağıdakı kimi olmalıdır.

İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.

Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, qanunla göstərilən hallar istisna olmaqla, baxılmır. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.

Şikayət şifahi verildikdə, Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.

Ərizəçinin xahişi olduqda Ombudsman onun barəsində məlumatları gizli saxlamalıdır.

Pozuntu ilə bağlı qərarın qəbul edilməsi

Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, Müvəkkil aşağıdakı qərarlarından birini qəbul edə bilər:

1. şikayət baxılmaq üçün qəbul edilsin;

2. şikayətə baxılmasından imtina edilsin.

Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 gün müddətində yazılı şəkildə əsaslandırılmış cavab verməlidir.

İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar aşağdakı hallar hesab edilə bilər:

1. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilmə tələbləri pozulduqda;

2. şikayət Müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;

3. qanunla göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;

4. şikayətlə bağlı məhkəmə icraatı getdikdə;

5. təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.

Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.

İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Ombudsman öz təşəbbüsü ilə araşdırma apara bilər. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma Müvəkkilin səlahiyyətlərinə aid olduqda, onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.

Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər.

İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmanın nəticələri

Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.

Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər:

1. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər);

2. cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;

3. əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;

4. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək;

5. insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;

6. İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;

7. dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;

8. şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri

Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.

Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

1. şikayət konkret informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda;

2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

3. ərizəçi informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.

Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:

1. informasiya əldə etmək üçün müraciətin qeydiyyata alınması;

2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;

3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;

4. ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi;

5. internet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;

6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.

Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 gün müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.

Müvəkkilin bəzi məlumatları gizli saxlaması

Şikayətdə əks etdirilmiş halların Ombudsman tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir.

Hazırladı: Qara Allahmanlı

Oxunub: 1662