Kurikulum sistemi ilə bağlı yeni standartlar hazırlanıb

“Kurikulum sistemi ilə bağlı yeni standartlar hazırlanıb və müzakirəyə təqdim olunub”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev deyib.

O yeni standartlarda nəzərdə tutulan bəzi dəyişiklikləri açıqlayıb. Şöbə müdirinin sözlərinə görə, yeni standartlara dəyərlər əlavə olunub: “İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən isə bu günə qədərə kurikulum sistemi bilik və bacarığa əsaslanırdı. Xeyirxahlıq, vətənpərvərlik və sevginin aşılanması yeni standartlarda öz əksini tapıb”.

E. Əmrullayev qeyd edib ki, digər əsas dəyişiklik öz keyfiyyətləri ilə seçilən bəzi məktəblərə müəyyən çərçivələrlə fənlər və məzmunla bağlı muxtariyyətin verilməsidir: “İndiki sistem buna imkan vermir. İlkin mərhələdə bu çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər. Biz müzakirələr zamanı təkliflər gözləyirik. Bundan sonra isə sənəd təsdiq üçün hökumətə göndəriləcək”.